KAAN növbəti taksi sınağını uğurla başa vurdu
Türkiyənin milli döyüş təyyarəsi KAAN növbəti taksi sınağını uğurla həyata keçirib.
Crossmedia.az xəbər verir ki, TUSAŞ bu barədə məlumat yayıb.
Şirkətin sosial şəbəkə hesabında yayımlanan görüntülərdə KAAN-ın taksi sınağı zamanı yerüstü hərəkəti əks olunub. Kadrlarda təyyarənin həm havadan, həm də yerdən çəkilmiş görüntüləri yer alıb və sınağın uğurla başa çatdığı bildirilib.
Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinin tələblərinə uyğun olaraq yerli imkanlarla hazırlanan KAAN ilk uçuşunu 2024-cü il fevralın 21-də həyata keçirib. Təyyarə həmin vaxt 13 dəqiqə havada qalıb.
İkinci sınaq uçuşu isə 2024-cü il mayın 6-da baş tutub. Bu uçuş zamanı KAAN 10 min fut hündürlüyə qalxıb və 230 knot sürətə çatıb.
Beşinci nəsil çoxməqsədli döyüş təyyarəsi olan KAAN həm hava-hava, həm də hava-yer əməliyyatları üçün nəzərdə tutulub. Süni intellekt dəstəyi, daxili silah bölmələri və yüksək sürət imkanları ilə təchiz edilən təyyarənin 2028-ci ilin sonuna qədər Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.
Bildirilir ki, 2030-cu illərdə KAAN tamamilə yerli mühərriklə istismar olunacaq.
17:39 31.07.2026
Oxunuş sayı: 55