Azərbaycan dili xalqımızın tarixi yaddaşını qoruyub saxlayıb
Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli kimliyinin, tarixi yaddaşının və mənəvi dəyərlərinin təcəssümü kimi xüsusi əhəmiyyət daşıyır. Bu gün münasibətilə dövlət dilinin qorunması, inkişafı və gələcək nəsillərə düzgün şəkildə ötürülməsinin vacibliyi bir daha diqqət mərkəzinə çıxır.

Deputat Nigar Məmmədova Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Crossmedia.az-a açıqlamasında bildirib ki, bu günün qeyd olunması xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə və tarixi yaddaşına ehtiramın ifadəsidir.
Onun sözlərinə görə, dil hər zaman dövlətlərin və xalqların taleyində strateji rola malik olub.
Deputatın fikrincə, Azərbaycan dili əsrlər boyu xalqımızın tarixi yaddaşını, mədəniyyətini, ədəbiyyatını və mənəvi sərvətlərini qoruyub saxlayıb. Tarixin ən mürəkkəb dövrlərində belə ana dilimiz xalqımızın milli varlığını yaşatmış, müstəqillik ruhunun formalaşmasına xidmət edib. Bu gün Azərbaycan dilinin dövlət dili kimi möhkəm hüquqi əsaslara malik olması isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsinin nəticəsidir.
Nigar Məmmədova qeyd edib ki, sovetlər dövründə milli dillərin sıxışdırılması siyasəti sistemli şəkildə həyata keçirilirdi və ana dili məsələsini gündəmə gətirmək böyük siyasi risk hesab olunurdu. Onun sözlərinə görə, milli dil uğrunda mübarizə aparan ziyalıların repressiyalara məruz qalması bu sahədə ciddi qorxu mühiti yaratmışdı.
Deputat vurğulayıb ki, belə mürəkkəb şəraitdə Ümummilli Lider Heydər Əliyev böyük siyasi iradə nümayiş etdirərək ana dilimizin hüquqlarının qorunmasını prioritet istiqamətlərdən birinə çevirib. O xatırladıb ki, 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması həmin dövrün siyasi reallıqları fonunda böyük cəsarət nümunəsi idi.
Onun sözlərinə görə, müstəqillik illərində dövlət dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. 1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması, 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanın imzalanması və Dövlət Dil Komissiyasının yaradılması bu siyasətin mühüm mərhələləri olub.
Nigar Məmmədova bildirib ki, həmin il Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edilib, 2002-ci ildə qəbul olunan "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun isə dövlət dilinin hüquqi əsaslarını daha da möhkəmləndirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində ardıcıl tədbirlər görülüb. Onun sözlərinə görə, latın qrafikalı nəşrlərin genişləndirilməsi, Dövlət Proqramının qəbul edilməsi, elektron məkanda Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi, eləcə də dilin saflığının qorunmasına dair fərman və sərəncamlar bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.
Deputatın fikrincə, 2025-ci il 31 iyul tarixli Fərmanla Azərbaycan dilinin tətbiqinə və dil normalarına əməl olunmasına nəzarət səlahiyyətlərinin Mədəniyyət Nazirliyinə verilməsi dövlət dilinin qorunması istiqamətində institusional mexanizmlərin daha da gücləndirilməsinin göstəricisidir.
Nigar Məmmədova vurğulayıb ki, qloballaşma dövründə xarici sözlərin həddindən artıq istifadəsi, sosial şəbəkələrin təsiri, televiziya və internet məkanında dil normalarının pozulması Azərbaycan dili qarşısında yeni çağırışlar yaradır. O xatırladıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır".
Sonda deputat bildirib ki, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlı üçün Azərbaycan dili milli mənsubiyyətin əsas göstəricilərindən biridir. Onun sözlərinə görə, Azərbaycan dilinin qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur və cəmiyyətin bütün təbəqələri ədəbi dil normalarının qorunmasına xüsusi həssaslıqla yanaşmalıdır.
Nigar Xəlilli
14:20 31.07.2026
Oxunuş sayı: 64