“Zvartnots”un köhnə binasının sökülməsi müzakirə olunur
Ermənistan hökumətinin “Zvartnots” hava limanının köhnə dairəvi binasını tarix və mədəniyyət abidələrinin dövlət siyahısından çıxarmaq təşəbbüsü müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Məlumata görə, hökumət binanın qorunan abidə statusunun ləğvini təklif edib. Qeyd olunur ki, futuristik üslubda inşa edilmiş tikili cəmi bir il əvvəl rəsmi olaraq dövlət tərəfindən mühafizə olunan abidə statusu alıb.
Layihənin müəllifi Artur Tarxanyanın qızı bildirib ki, bu bina erməni modernist memarlığının ən uğurlu nümunələrindən biridir və dünyada bu tip cəmi yeddi hava limanı kompleksi qalıb.
Onun sözlərinə görə, binanın sökülməsi qəbuledilməzdir və alternativ həll yolları tapılmalıdır. Tarxanyan hökumətə müraciət edərək, güzəştçi şirkət və memarların iştirakı ilə binanın bərpası və qorunması üçün xüsusi komissiyanın yaradılmasını təklif edib.
Memar və şəhərsalma üzrə mütəxəssis Sarxat Petrosyan isə hesab edir ki, köhnə hava limanı binası ətrafında yaranmış vəziyyət dövlət idarəçiliyindəki problemlərin nəticəsidir. O bildirib ki, dövlət maliyyə maraqları və ya idarəetmədəki nöqsanları ört-basdır etmək üçün binanın sökülməsinə üstünlük verdiyi müddətdə digər variantların müzakirəsi mümkün olmayacaq.
09:21 30.07.2026
Oxunuş sayı: 53