Polşada ukraynalı cütlüyə hücum siyasi müzakirələrə səbəb oldu
Polşada ukraynalı cütlüyün döyülməsi ölkə daxilində siyasi gündəmə çevrilib. Baş nazir Donald Tusk prezident Karol Navrotskidən hadisəyə açıq şəkildə münasibət bildirməsini tələb edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Polşa KİV-i məlumat yayıb.
Tusk bildirib ki, Polşa zorakılığa qarşı “qətiyyətli mübarizə aparmalıdır”.
“Biz bu zorakılığa qarşı qətiyyətli mübarizə aparmalıyıq. Çünki quldurlar, xuliqanlar və zorakılıq mədəniyyəti getdikcə daha cəsarətli və həyasız olur. Onlar həmçinin siyasi dəstək əldə ediblər. Təsadüfi deyil ki, ukraynalı qadını döyən şəxs özünü guya sərhədlərin müdafiəçisi kimi təqdim edib”, – deyə Polşa hökumət başçısı bildirib.
Baş nazir qeyd edib ki, bu səbəbdən prezident Navrotskiyə müraciət edərək məsələ ilə bağlı susqunluğunu dayandırmağa çağırıb. O, həmçinin prezidentdən radikal qrupların fəaliyyətinə diqqət yetirməsini istəyib.
Tusk hüquq-mühafizə orqanlarının bu cür hadisələrdə təqsirli şəxslərin tezliklə saxlanılması və effektiv şəkildə cəzalandırılması üçün bütün imkanlardan istifadə edəcəyinə ümid etdiyini bildirib.
Polşa hökumətinin rəhbəri vurğulayıb ki, ukraynalılara qarşı hücumlar Polşanın öz maraqlarına ziddir və vətəndaşları belə zorakılıq halları barədə dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırıb.
17:33 28.07.2026
Oxunuş sayı: 52