Rusiya Kəşfiyyatı: Aİ Ermənistanın çıxış itkilərini kompensasiya edə bilməyəcək
Rusiya Xarici Kəşfiyyat Xidməti (SVR) bəyan edib ki, Avropa İttifaqı Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağı təqdirdə üzləşəcəyi iqtisadi itkiləri kompensasiya edə bilməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
SVR-nin iddiasına görə, Brüsseldə Ermənistanın Aİİ-ni tərk etməsinin ölkədə dərin iqtisadi böhran riski yaradacağını anlayırlar. Bildirilir ki, Aİ Ermənistanın Aİİ ilə iqtisadi əlaqələrinin kəsilməsindən yaranacaq milyardlarla dollarlıq itkiləri ödəmək imkanına malik deyil.
Məlumata əsasən, bəzi Avropa ölkələri öz istehsalçılarına zərər verməmək üçün Ermənistan məhsullarına bazarlarını açmaq istəmədiklərini də bildiriblər.
Rusiya kəşfiyyatı hesab edir ki, Brüssel Ermənistanın Avropaya inteqrasiyası perspektivini Rusiya biznesinin ölkədəki fəaliyyətinin məhdudlaşdırılması, Moskva ilə əlaqələrin zəiflədilməsi və digər siyasi tələblərin yerinə yetirilməsi ilə əlaqələndirməyə davam edəcək.
“Brüssel ümid etməməlidir ki, Aİİ ölkələri İrəvanın Avropa İttifaqına yönələn kursunu maliyyələşdirəcək”, – deyə SVR-in bəyanatında vurğulanıb.
15:14 28.07.2026
Oxunuş sayı: 44