Dilimizi Qorumaq — Vətəni Qorumaqdır
"Dil yaşamırsa, xalq da yaşamaz." — Bu həqiqət hər bir azərbaycanlının qəlbində müqəddəs bir işıq kimi yanır, kimliyimizi və ruhumuzu ayaqda tutur.
Ana dili — ananın körpəsinə pıçıldadığı ilk layladan başlayan, babalarımızın daşlara həkk etdiyi dastanlardan süzülüb gələn ruh dünyamızdır. Füzulinin qəzəllərində incələşən, Şah İsmayıl Xətayinin qılıncında və qələmində dövlət dilinə çevrilən, Bəxtiyar Vahabzadənin misralarında kükrəyən Azərbaycan dili xalqımızın ən böyük xəzinəsidir. Lakin bu xəzinənin tarixin keşməkeşli fırtınalarından qorunub bu günümüzə çatması, müstəqil dövlətin rəsmi dili kimi ucalması böyük siyasi iradənin və milli təəssübkeşliyin nəticəsidir.
Əlifba yalnız hərflər yığını deyil, dilin ruhunu, tələffüzünü və estetikasını əks etdirən libasdır. Xalqımız əsrlər boyu əlifba dəyişiklikləri ilə sınağa çəkilsə də, ana dilinin ahəngini və saflığını qorumağı bacarmışdır. Hələ Sovet rejiminin sərt qadağalarının hökm sürdüyü 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin böyük cəsarət göstərərək Azərbaycan dilini Konstitusiyaya dövlət dili kimi daxil etməsi milli intibahımızın bünövrəsini qoydu.
Müstəqilliyimizin ilk illərində latın qrafikalı əlifbaya keçiddə yaranan çaşqınlığa, son qoymaq da məhz Ulu Öndərin qətiyyəti ilə mümkün oldu. 2001-ci ildə imzalanan tarixi fərmanlarla latın qrafikasına tam keçid sağlandı və 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təqvimimizə, mənəviyyatımıza həkk olundu. Məhz Heydər Əliyev uzaqgörənliyi ilə ana dilimiz öz həqiqi sahibinə — müstəqil Azərbaycan dövlətinə tam inteqrasiya etdi.
Bu müqəddəs irsi eyni sevgi və qətiyyətlə yaşadan Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev ana dilimizin saflığını, zənginliyini və rəqəmsal dünyadakı mövqeyini daim diqqət mərkəzində saxladı. Cənab Prezidentin dilimizin inkişafına, klassiklərimizin latın qrafikası ilə nəşrinə dair verdiyi sərəncamlar ana dilimizə göstərilən ali dövlət qayğısının bariz nümunəsidir.
Lakin ən böyük dil Zəfəri Qarabağda qazanıldı! Bu gün 44 günlük Vətən müharibəsində və lokal antiterror tədbirlərində qazanılan Tarixi Zəfərdən sonra Azərbaycan dili azad olunmuş torpaqlarımızda — Şuşada, Xankəndidə, Laçında, Xocalıda yenidən ucalır. Zəfər qazanmış, suverenliyini tam bərpa etmiş məğrur xalqın dili də bu gün Qarabağ səmasında daha əzəmətli, daha qürurla səslənir!
Dövlətimizin dilimizə göstərdiyi bu ali qayğı hər birimizin üzərinə mənəvi bir məsuliyyət qoyur. Dili yaşatmaq yalnız rəsmi qərarlarla bitmir. Hər birimiz gündəlik hayatımızda: Sözlərimizi yad ünsürlərlə çirkləndirməməli, ədəbi dilin qayda-qanunlarına, səlisliyinə riayət etməli, gənc nəslə ana dilinin gözəlliyini və zənginliyini sevdirməliyik.
1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bayramınız mübarək olsun! Binəyi qədim ana dilimizin şirinliyi və qüdrəti nəsillərdən-nəsillərə ötürülərək əbədi yaşasın!
Fuad Həbibzadə
YAP Yasamal rayon təşkilatının məsləhətçisi
14:08 28.07.2026
Oxunuş sayı: 51