Hesabat: Bərpa olunan enerji Aİ-də qaz istehlakını 25% azalda bilər
Avropa İttifaqında günəş və külək enerjisinin, eləcə də istilik nasoslarının geniş tətbiqi 2030-cu ilədək qaz istehlakını təxminən 25 faiz azalda bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "EUobserver" Enerji İqtisadiyyatı və Maliyyə Təhlili İnstitutununun (IEEFA) hesabatına istinadən məlumat yayıb.
Hesabatda bildirilir ki, Aİ-nin istilik nasosları, günəş və külək enerjisi üzrə hədəflərinə çatması nəticəsində əldə olunacaq qaz qənaəti həmin dövrdə Qətərin Avropaya tədarük edə biləcəyi mayeləşdirilmiş təbii qazın (LNG) həcmindən iki dəfə çox olacaq.
IEEFA-nın Avropa üzrə aparıcı enerji analitiki Ana Mariya Yaller-Makareviç bildirib ki, Qətər kimi ölkələrdən bahalı və qeyri-müəyyən LNG tədarüklərinə arxalanmaq təhlükəli strategiyadır. Onun sözlərinə görə, Hörmüz boğazında yaranan gərginlik Avropanın fosil yanacaq idxalından asılılığını azaltmasının vacibliyini bir daha göstərib.
Hesabata əsasən, 2021–2024-cü illərdə Aİ-də qaz istehlakı 20 faiz azalıb və bu prosesdə bərpa olunan enerji mənbələrinin sürətli inkişafı əsas rol oynayıb.
Hazırda Avropa İttifaqında elektrik enerjisinin təxminən 70 faizi günəş, külək, hidroenerji, geotermal enerji və yerli biokütlə kimi təmiz enerji mənbələri hesabına istehsal olunur.
15:38 28.07.2026
Oxunuş sayı: 52