İstilər şiddətlənir, ölümlər artır - bəs bundan necə qorunmalı?
İqlim dəyişikliyinin gələcəyin deyil, bu günün acı reallığı olduğunu göstərən ən amansız mənzərələrdən biri Avropanı bürüyən anomalous isti dalğalarıdır. Bir vaxtlar mülayim iqlimi ilə tanınan Qərbi Avropa ölkələri artıq termometrlərin 43-44 dərəcəni göstərdiyi sərt bir sınaqla üz-üzədir.
Bu, sadəcə hava haqqında xəbər deyil; BMT və Dünya Səhiyyə Təşkilatının rəsmi göstəricilərinə görə, son yay mövsümlərində Avropa üzrə 60 mindən çox insan məhz bu səssiz fəlakətin — ekstremal istilərin qurbanı olub. Fransa, İspaniya və Almaniya kimi ölkələrdə qeydə alınan minlərlə itki göstərir ki, yüksək temperatur xüsusilə xroniki ürək-damar və tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkənlər üçün birbaşa həyati təhlükədir.
Bəs bu termik şokdan qorunmağın, insan həyatını xilas edən əsas qaydaları hansılardır? Gəlin həkim tövsiyələrinə birlikdə nəzər salaq.
Məsələ ilə bağlı həkim Şahvələd Məmmədov Crossmedia.az-a açıqlama verib:

“Son vaxtlar bir sıra Avropa ölkələrində-o cümlədən İspaniyada, Almaniyada, İsveçrədə, Niderlandda və Qərbi Avropa ölkələrinin əksəriyyətində, xüsusən Fransada çox güclü isti havalar müşahidə olundu. Hətta bu isti havalarda, məsələn, Fransanın özündə neçə minə yaxın insan tələfatı qeydə alındı”.
O, qeyd edib ki, bu halların daha çox təsir etdiyi şəxslər xroniki xəstəlikləri, xüsusilə də xroniki ağciyər və ürək-damar xəstəlikləri olan insanlardır: "Belə isti havalarda çölə çıxarkən, təbii ki, 42–45 dərəcə istinin təsiri altında müəyyən məsafədə hərəkət edən zaman qəfil ürək dayanması və ya tənəffüsün kəsilməsi kimi vəziyyətlərdən çıxa bilmədiklərinə görə, nəticədə ölüm halları baş verir. Ona görə də bu istilərdən qorunmaq üçün ev şəraitində kondisioner və ya ventilator kimi sərinləşdirici vasitələrdən istifadə edilməsi məsləhət görülür. Həmçinin, günün isti saatlarında-səhər saat 10:00-dan axşam saat 18:00-a qədər olan aralıqda risk qrupuna daxil olan insanların, yəni ağır xroniki ağciyər və ürək xəstəlikləri olan şəxslərin çölə çıxması məqsədəuyğun sayılmır.
Çöldə-bayırda olan zaman qısamüddətli günvurma halları da ola bilər. Yüngül günvurma zamanı sərinləşdirici tədbirlərdən istifadə etmək lazımdır: üzü, bədəni ilıq və ya sərin su ilə yumaq məsləhət görülür. Bundan başqa, qoruyucu vasitələrdən-papaqlardan, günlüklərdən (şlyapalardan) istifadə etmək lazımdır. Günəşin altında qalmaqdan qaçıb kölgələnmək, daha çox kölgəlikdə və ya kondisioneri olan yerlərdə dayanmaq tövsiyə olunur".
Turqut Ansari
21:00 27.07.2026
Oxunuş sayı: 49