İran XİN: Biz neftin "xidmətçisi" deyilik
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai ölkəsinin neft məsələsində asılı mövqedə olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Bəqai bunu brifinq zamanı Hörmüz boğazının bağlanması ilə yaranan neft böhranı ilə bağlı suala cavabında deyib.
"Bizim üçün əsas məsələ milli maraqlar və məqsədəuyğunluqdur. Bu barədə qərarlar İran İslam Respublikasında qərar qəbul edən bütün qurumların iştirakı ilə tam şəffaf və aydın proses çərçivəsində qəbul edilir. Xarici İşlər Nazirliyi də bu qurumlardan biridir", – deyə Bəqai bildirib.
O qeyd edib ki, İran ABŞ-nin müharibə və sülh vaxtını müəyyən etməsinə heç vaxt imkan verməyib və bundan sonra da verməyəcək.
"Biz maraqlarımız bunu tələb etdiyi müddətcə özümüzü müdafiə edəcəyik. Milli maraqların qorunması üçün diplomatiyadan istifadə imkanımız olduqda isə bu vasitədən mütləq yararlanacağıq", – deyə İran XİN nümayəndəsi vurğulayıb.
Bəqai Xəzər dənizində İran gəmisinə edilən hücumu da şərh edib. Onun sözlərinə görə, hadisə nəticəsində İran vətəndaşlarının həlak olması və yaralanması ilə bağlı Ukraynanın addımı "qanunsuz, əsassız və BMT Nizamnaməsinə zidd" olub.
"Bu, təhlükəli bir macəraçılıqdır və şübhəsiz ki, cavabsız qalmayacaq", – deyə Bəqai bildirib.
13:58 27.07.2026
Oxunuş sayı: 52