İran və Ermənistan enerji layihələrini sürətləndirmək barədə razılığa gəlib
İranın energetika naziri Abbas Əliabadi ilə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, "Mehr" bu barədə məlumat yayıb.
Tərəflər Ermənistan və İran arasında üçüncü elektrik ötürücü xəttin tikintisi üzrə 12 illik layihənin icrasının sürətləndirilməsinin vacibliyini vurğulayaraq birgə işi davam etdirmək barədə razılığa gəliblər.
Görüşdə İran tərəfi "Mehri" Su Elektrik Stansiyasının tikintisi məsələsini də gündəmə gətirib. Ermənistanın naziri daha əvvəl əldə olunmuş razılaşmalara istinad edərək bu layihə üzrə əməkdaşlığa hazır olduqlarını bildirib. Həmçinin Oman şirkətlərindən birinin layihəni maliyyələşdirməyə və həyata keçirməyə hazır olduğu açıqlanıb.
Danışıqlar zamanı İran–Ermənistan–Gürcüstan–Rusiya elektrik enerji dəhlizinin yaradılması məsələsi də müzakirə olunub. Tehran Ermənistan ilə Gürcüstan arasında elektrik ötürücü xəttin tikintisinə İran şirkətlərinin cəlb edilməsinə hazır olduğunu bəyan edib.
İranın energetika naziri, həmçinin Araz çayının çirklənməsi ilə bağlı işçi qrupunun iclasının keçirilməsi təşəbbüsünü dəstəkləyib.
09:40 27.07.2026
Oxunuş sayı: 66