Ürək xəstəliklərindən ölümlərin böyük hissəsi qarşısı alına bilən səbəblərlə bağlıdır – araşdırma
ABŞ-də işemik ürək xəstəliyindən (koronar arteriya xəstəliyi) baş verən ölümlərin təxminən 90 faizi dəyişdirilə bilən risk faktorları ilə əlaqəlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə ˝JAMA Cardiology˝ jurnalında dərc olunan yeni araşdırmada məlumat verilib.
Tədqiqatçılar bildiriblər ki, son 30 ildə bu xəstəlikdən ölüm halları əhəmiyyətli dərəcədə azalsa da, piylənmə və yüksək qan şəkəri ürək-damar xəstəliklərindən ölümlərin əsas səbəblərindən birinə çevrilir.
İşemik ürək xəstəliyi ürəyi qidalandıran damarların daxilində xolesterin lövhələrinin yığılması nəticəsində yaranır. Bu proses ürəyə qan axınını azaldır. Xəstəlik dünyada əsas ölüm səbəblərindən biri olaraq qalır və 2021-ci ildə təxminən 254 milyon insan bu xəstəlikdən əziyyət çəkib.
Alimlər Qlobal Xəstəlik Yükü 2023 araşdırmasının məlumatlarını təhlil edərək 1990–2023-cü illər arasında işemik ürək xəstəliyindən ölüm göstəricilərini və 12 dəyişdirilə bilən risk faktorunu araşdırıblar.
Araşdırmaya yüksək LDL xolesterin, arterial təzyiqin yüksəlməsi, piylənmə, yüksək aclıq qan şəkəri, siqaret çəkmə, alkoqol istifadəsi, fiziki aktivliyin azlığı, hava çirkliliyi və qurğuşuna məruz qalma kimi faktorlar daxil edilib.
Nəticələrə görə, 2023-cü ildə ABŞ-da işemik ürək xəstəliyindən 473 min nəfər dünyasını dəyişib. Bu göstərici 1990-cı illə müqayisədə 58,7 faiz azalıb. Buna baxmayaraq, alimlər hesab edirlər ki, bu ölümlərin 88,7 faizi qarşısı alına bilən risk faktorları ilə bağlıdır.
Araşdırmaya əsasən, 2023-cü ildə ölüm hallarına ən çox təsir edən amil yüksək sistolik qan təzyiqi olub və bu, ölümlərin 47,2 faizi ilə əlaqələndirilib. Sonrakı yerlərdə qeyri-sağlam qidalanma (38,6 faiz) və yüksək LDL xolesterin (28,5 faiz) qərarlaşıb.
Alimlər qeyd ediblər ki, son üç onillikdə siqaretlə bağlı ürək-damar ölümləri azalsa da, piylənmə ilə əlaqəli risklər əks istiqamətdə dəyişib. Yüksək bədən kütlə indeksinə bağlı ölümlər 1990-cı ildən bəri 12,5 faiz, yüksək aclıq qan şəkəri ilə bağlı ölümlər isə 10,5 faiz artıb.
Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr ürək xəstəliklərinin qarşısının alınmasının vacibliyini göstərir. Bir çox risk faktorları uzun müddət əlamətsiz inkişaf etdiyi üçün mütəmadi tibbi yoxlamalar erkən aşkarlama və müalicə üçün vacib hesab olunur.
Kardioloqlar bildirirlər ki, siqaret istifadəsinin azalması ürək xəstəlikləri ilə mübarizədə mühüm irəliləyiş olsa da, piylənmə və diabet hazırda əsas problemlərdən biri olaraq qalır.
Ekspertlər sağlam çəkinin qorunmasını, doymuş yağlar və emal olunmuş məhsulların az olduğu qidalanmanı, müntəzəm fiziki aktivliyi, qan təzyiqi, xolesterin və qan şəkərinin nəzarətdə saxlanılmasını, həmçinin tütün istifadəsindən uzaq durmağı tövsiyə edirlər.
00:30 27.07.2026
Oxunuş sayı: 53