Hüquqi təminat məsələləri ilə bağlı ciddi işlər görülür - Ekspert
Cari ildə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 33 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib. Bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib.
Qeyd olunub ki, müvafiq məhkəmə qərarları əsasında xarici ölkələr tərəfindən beynəlxalq axtarışa verilmiş 13 şəxsin aidiyyəti üzrə təhvil verilməsi də təmin edilib. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin İctimai Şurasının və Konstitusiya Araşdırmaları Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev Crossmedia.az-a danışıb:

"Bu rəqəm məni təəccübləndirmir. Çünki son illər gördüyümüz odur ki, beynəlxalq hüquqi əməkdaşlıq artıq prokurorluğun "əlavə" işi deyil, gündəlik təcrübənin ayrılmaz hissəsinə çevrilib. Maliyyə cinayətləri, korrupsiya, kibercinayətkarlığ, bunların heç biri artıq sərhəd tanımır, ona görə də başqa cür ola bilməzdi.33 nəfər. Altı ayda. Bu, arxasında görünməyən nə qədər iş dayandığını düşünəndə, kifayət qədər ciddi rəqəmdir. Hər biri ayrı-ayrı yazışma prosesi, beynəlxalq strukturlarla danışıqlar, məhkəmə qərarları deməkdir.
Amma tək ekstradisiya rəqəminə baxıb "əla, hər şey yaxşıdır" demək sadəlövhlük olardı".
O, qeyd edib ki, hüquqi yardım sorğularının icra sürəti, əmlakın geri qaytarılması, birgə istintaq və s. bəzən rəqəmlərdə görünmür, amma iş elə bu detallarda özünü göstərir: "Bir də onu deyim ki, son illər xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələr, həqiqətən, fərqli səviyyəyə keçib. Təcrübə mübadiləsi, birgə platformalarda iştirak-bunlar kağız üzərində qalan məsələlər deyil.
Nəticə etibarilə, göstəricilər Baş Prokurorluğun bu istiqamətdə ardıcıl, səmərəli və effektiv işlədiyini göstərir".
Turqut Ansari
19:30 25.07.2026
Oxunuş sayı: 57