Özbaşınalıq və qanunvericilikdə boşluqlar: Bələdiyyələrdə köklü islahat vaxtıdır
Bələdiyyə sahəsində müəyyən boşluqlar var ki, bəzi sədrlər bundan istifadə edir. Nəticədə qanunsuz əməllər törədilir. Onlar vəzifələrindən sui-istifadə edərək torpaq sahələri ilə bağlı qanunsuzluqlara, vəzifə saxtakarlığına, büdcə vəsaitlərinin mənimsənilməsinə və digər hallara yol verirlər. Nəticə etibarilə hər cinayətin üstü açıldığı kimi, bu qanunsuzluqlar da aşkar edilir və tədbir görülür.
Məsələn, yaxın günlərdə Culfa rayon Yaycı bələdiyyəsinin sədri vəzifəsində işləmiş Zülfüqarov Zülfüqar Abbas oğlunun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsi qaydalarını pozması nəticəsində bələdiyyə büdcəsinə 93 min manatdan artıq məbləğdə zərər vurmasına əsaslı şübhələr müəyyən edilərək işi məhkəməyə yönəldilmişdi.
Belə halların olması bələdiyyə sahəsində islahatların vacibliyini gündəmə gətirir.
Crossmedia.az-ın sorğusuna Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən cavab olaraq bildirilib ki, bələdiyyələrlə iş sahəsində Ədliyyə Nazirliyinin fəaliyyəti bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, onların fəaliyyətinin təşkilinə kömək göstərilməsi və metodoloji yardımın təmin edilməsini əhatə edir:
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət bələdiyyələr, bələdiyyə orqanları və onların vəzifəli şəxsləri tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsinin təmin olunması, bələdiyyələr tərəfindən qanunvericiliyin pozulması hallarının aradan qaldırılması məqsədilə həyata keçirilən fəaliyyətdir.
İnzibati nəzarət icraatı iki əsas üzrə başlanılır:
İnzibati nəzarət orqanına mütləq təqdim olunmalı aktlar üzrə;
Hüquqlarına və ya qanuni mənafelərinə zərər vurulduğunu iddia edən fiziki və ya hüquqi şəxsin, yaxud dövlət orqanının müraciəti əsasında.
İnzibati nəzarət zamanı cinayət əlamətləri aşkar edildikdə, materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilir.
Eyni zamanda, bələdiyyə fəaliyyətində yol verilən qanun pozuntularının qarşısının alınması, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün tədbirlərin müəyyənləşdirilməsi məqsədilə inzibati nəzarətin nəticələri vaxtaşırı təhlil olunur və fəaliyyətdə nəzərə alınır. 2025-ci il ərzində hər iki istiqamət üzrə Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən inzibati nəzarət çərçivəsində aparılmış araşdırmaların nəticəsi üzrə 62 halda cinayət əlamətləri aşkar edilərək, toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 14-ü üzrə cinayət işi başlanılıb, 17-si üzrə qanun pozuntularının aradan qaldırılması barədə təqdimatlar verilib, 31-i üzrə isə araşdırma yekunlaşmayıb. Həmçinin bildirilir ki, ötən il ərzində Ədliyyə Nazirliyi tərəfindən 40 bələdiyyənin fəaliyyəti yoxlanılıb. Bu istiqamətdə fəaliyyət cari ildə də davam etdirilir”.
Nazirlik qeyd edib ki, bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodiki yardım çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən metodiki vəsaitlər, təlimlər, müşavirələr və yerində əməli köməklik göstərilməklə bələdiyyələrlə mütəmadi iş aparılır. Həmçinin Nazirlik tərəfindən hazırlanmış illik məruzələr, videoçarxlar, tövsiyələr, metodik vəsaitlər və digər məlumatlarla “Bələdiyyələrlə iş informasiya sistemi”ndə (belediyye.gov.az) tanış olmaq mümkündür.

Məsələ ilə bağlı Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli Crossmedia.az-ın suallarını cavablandırıb.
O bildirib ki, ölkəmizdə 2025-ci ilin yanvar ayında keçirilən bələdiyyə seçkilərindən sonra bələdiyyələrin birləşdirilməsi prosesi həyata keçirilib:
“Nəticədə 1606 bələdiyyə birləşdirilərək ölkədə 685 bələdiyyə formalaşdırıldı. Bu gün həmin bələdiyyələrin formalaşması və fəaliyyəti üçün müəyyən addımlar atılıb. İstər qanunvericilik baxımından, istərsə də normativ hüquqi baza baxımından bir sıra proseslər artıq öz həllini tapıb. Sözsüz ki, yeni yaradılan, daha doğrusu, yeni formalaşdırılan bələdiyyələr əvvəlki bələdiyyələrdən bir sıra məqamlara görə fərqlənirlər. Həm bələdiyyə üzvlərinin sayına, həm də inzibati ərazi dairəsinə görə fərqlər var. Çünki elə bələdiyyələr var ki, onların əraziləri daha genişdir. Ərazilər geniş olduqca, təbii olaraq, vergi ödəyicilərinin sayı da artır. Üstəlik, həmin ərazilərdə yaşayan əhalinin sayı da çoxdur. Buna görə də onların üzərinə düşən məsuliyyət yükü də artır. Bütün hallarda ölkəmizdə bələdiyyələrin fəaliyyəti müəyyən mənada görünür və hiss olunur. Xüsusilə də bu gün əhalinin həssas təbəqələrinə maddi və mənəvi dəstəyin göstərilməsində ölkə bələdiyyələrinin xüsusi rolu var. İstər qazi ailələrinə, istər şəhid ailələrinə, istərsə də aztəminatlı ailələrə göstərilən dəstək baxımından bələdiyyələrin fəaliyyəti diqqət çəkir. Bütün hallarda həmin həssas qrupa aid insanlar bələdiyyələrin diqqət mərkəzindədir. Onlara müxtəlif məsələlərdə həm maddi, həm də mənəvi dəstək göstərilir”.
Hüquqşünas vurğulayıb ki, fəaliyyət olan yerdə müəyyən problemlər və nöqsanlar da olur:
“Bu nöqsanların aradan qaldırılması istiqamətində bələdiyyələr üçün müxtəlif təlimlər, seminarlar və onlayn görüşlər keçirilir. Çünki Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsi tərəfindən inzibati nəzarət həyata keçirilir. Müvafiq qurumlar mütəmadi olaraq bələdiyyələr üçün seminarlar, onlayn görüşlər təşkil edir, qanunvericiliklə bağlı izahatlar verir, tövsiyələr hazırlayır və digər maarifləndirici tədbirlər həyata keçirirlər. Eyni zamanda, bələdiyyələrin qəbul etdiyi qərarlar və protokollar da Ədliyyə Nazirliyinin müvafiq qurumları tərəfindən yoxlanılır. Əgər qanunvericiliyə uyğun olmayan hallar aşkar edilərsə, onların aradan qaldırılması ilə bağlı bələdiyyələrə müvafiq tövsiyələr verilir. İnzibati nəzarət prosesi də məhz Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Əgər qanunvericilikdə boşluqlar və ya bələdiyyələr tərəfindən buraxılmış səhvlər olarsa, onların aradan qaldırılması istiqamətində dəstək göstərilir”.
Vüqar Tofiqli bildirib ki, bu gün Azərbaycan bələdiyyələrinin müəyyən problemləri mövcuddur:
“Həmin problemlərin aradan qaldırılması üçün hər birimiz – istər vətəndaş, istər ziyalı, istərsə də vətəndaş cəmiyyəti nümayəndəsi olaraq öz dəstəyimizi göstərməliyik. Məsələn, bələdiyyələrin fəaliyyətinin təbliği ilə bağlı müəyyən çatışmazlıqlar var. Bu gün kifayət qədər bələdiyyə öz ərazilərində müxtəlif layihələr həyata keçirir. Lakin əsas problemlərdən biri odur ki, onlar gördükləri işləri və həyata keçirdikləri fəaliyyəti geniş şəkildə ictimaiyyətə çatdırmırlar. Təbii ki, müəyyən nöqsanlar və qanunvericiliyə uyğun olmayan hallar baş verdikdə, müvafiq dövlət qurumları yoxlamalar aparır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görürlər. Əgər istəyiriksə ki, Azərbaycan bələdiyyələri daha yüksək səviyyəyə yüksəlsin, dünya standartlarına uyğun fəaliyyət göstərsin və əhali arasında nüfuzu daha da artsın, o zaman bələdiyyələrin fəaliyyətinə mane olan problemlərin aradan qaldırılması istiqamətində işlər görülməlidir. Məsələn, bu gün bələdiyyələrin daşınmaz əmlakın dövlət reyestri ilə bağlı müəyyən problemləri mövcuddur. Vətəndaş hər hansı torpaq sahəsinin alınması ilə bağlı bələdiyyəyə müraciət etdikdə, bələdiyyə tərəfindən proses həyata keçirilir. Normal halda bu proses 15-20 gün, maksimum isə bir ay ərzində yekunlaşmalıdır. Amma bəzən bu müddət aylarla uzanır. Burada məsuliyyət təkcə bələdiyyənin deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və digər aidiyyəti qurumların da üzərinə düşür. Digər tərəfdən, bəzi hallarda bələdiyyə sədrlərinin və ya digər məsul şəxslərin məsuliyyətsizliyi nəticəsində Dövlət Sosial Müdafiə Fonduna borclar yaranır. Bu problemin həlli yalnız bələdiyyənin üzərinə düşməməlidir. Aidiyyəti dövlət qurumları da bu məsələdə öz dəstəyini və töhfəsini verməlidirlər. Çünki bank hesablarına məhdudiyyət tətbiq olunan bələdiyyələr normal fəaliyyət göstərə bilmir, müxtəlif işlərin icrasında və vətəndaşların müraciətlərinin həllində ciddi çətinliklərlə üzləşirlər. Digər mühüm məsələlərdən biri də vergi və rüsumlarla bağlıdır. Bu gün də 1999-cu ildə qəbul olunmuş vergi və rüsum normalarından istifadə edilir. Yəni həmin tariflər artıq 26 ildir ki, dəyişməyib. Halbuki bu müddət ərzində xidmət haqları və digər ödənişlər dəfələrlə artıb. Amma əmlak vergisi və digər bəzi rüsumlar hələ də əvvəlki səviyyədə qalır. Eyni zamanda, avtodayanacaqlarla bağlı problemlər var, reklam ödənişləri ilə bağlı problemlər mövcuddur. Ümumilikdə bələdiyyələrin bu sahədə qarşılaşdığı çətinliklər monitorinq edilməli və onların aradan qaldırılması istiqamətində tədbirlər görülməlidir. Əgər bunlar həyata keçirilərsə, sözsüz ki, bələdiyyələrin cəmiyyətdə çəkisi və nüfuzu daha da artmış olar”.

Sosioloq Əhməd Rəhmanov bildirib ki, hər bir qanun pozuntusunun və yaxud cinayətin başlıca səbəblərindən biri profilaktikanın və nəzarətin olmamasıdır:
“Son vaxtlara qədər Azərbaycanda bu sahədə müəyyən qanunvericilik boşluğu var idi və artıq həmin boşluğun aradan qaldırılması istiqamətində addımlar atılmağa başlanılıb. Bu da ondan ibarətdir ki, bələdiyyələr təyinatla deyil, seçki yolu ilə formalaşan orqanlar olduğuna görə onlarda ictimai şuralar yaradılmamışdı. Artıq bununla bağlı bu ilin əvvəlində dövlət başçısı tərəfindən yeni qərarlar qəbul edilib və bələdiyyələrdə də ictimai şuraların yaradılması nəzərdə tutulur. Bu sahədə ictimai nəzarət mütləq olmalıdır. Bir məsələ var ki, bələdiyyə özü-özünü nəzarətdə saxlayır. Azərbaycanda seçki prosesi ilə bağlı hamımızın bildiyi müəyyən reallıqlar var. Yəni rayonun icra hakimiyyəti özünə uyğun şəxslərin seçilməsinə çalışır ki, bələdiyyələr icra hakimiyyətinin müəyyən etdiyi xəttdən kənara çıxmasın və onların dediklərini yerinə yetirsinlər. Məsələn, biz həmişə Türkiyə ilə Azərbaycanı müqayisə edirik. Türkiyədə bələdiyyələr çox böyük rol oynayır. Orada təkcə torpaq vergisi deyil, həm də ictimai obyektlərdən, ticarət obyektlərindən daxil olan vergilər bələdiyyələrin səlahiyyətinə daxildir. Bundan başqa, bələdiyyələrin özlərinin səlahiyyəti çatır ki, müxtəlif qurumlarla müqavilələr bağlasınlar və idarə etdikləri ərazilə bağlı müxtəlif layihələr həyata keçirsinlər. Məsələn, Bakının hər hansı bir bələdiyyəsi Kəlbəcərin və ya başqa bir rayonun bələdiyyəsi ilə müqavilə bağlaya bilər ki, həmin bölgədən kartof və ya digər kənd təsərrüfatı məhsulları gətirilsin. Yəni bunu bazar vasitəsilə deyil, birbaşa bələdiyyə həyata keçirə bilər. Bu cür təcrübələr başqa ölkələrin qanunvericiliyində də mövcuddur. Bizdə isə bunların çoxu yoxdur. Əsas problem qanunvericilikdə olan boşluqlardır”.
Sosioloq qeyd edib ki, ümumiyyətlə, bələdiyyə idarəçiliyi Azərbaycanda yeni idarəetmə modelidir:
“Məhz buna görə də bələdiyyələrdə ictimai şuraların yaradılması ilə bağlı üç ictimai təşkilat tərəfindən bu ilin fevral ayında aidiyyəti qurumlara tədbirlər planı, yəni iş planı təqdim etmişik. İlkin versiyanı artıq təqdim etmişik və bununla bağlı təkliflərimizi bildirmişik. Gələcəkdə də qəbul olunacağı təqdirdə bunu layihə şəklində təqdim etməyə hazırıq. Bütün bu problemlərin əsas səbəbi nəzarətsizlik və baxımsızlıqdır. Əgər bələdiyyədə ictimai şura fəaliyyət göstərsə, məsələn, beş nəfərdən ibarət olsa və həmin şəxslər müxtəlif ictimai təşkilatların nümayəndələri olsalar, onları hansısa formada təsir altına salmaq çox çətin olar. Çünki onlar həm əhali ilə, həm də ictimai təşkilatlarla sıx əlaqədə olurlar və insanların problemlərini daha yaxından bilirlər. Ümumiyyətlə, ictimai təşkilatlar ona görə yaradılır ki, dövlətlə və vətəndaş arasında körpü rolunu oynasınlar. Mən də ona görə deyirəm ki, bələdiyyələrdə ictimai şuralar mütləq yaradılmalıdır ki, bu problemlərin qarşısı alınsın. Hətta bu, bələdiyyənin özünə də xeyirdir. Çünki vətəndaşın hər hansı problemi yarananda o, birbaşa məhkəməyə müraciət edir və ya cinayət xarakterli məsələ olduqda aidiyyəti orqanlara şikayət edir. Amma ictimai şura fəaliyyət göstərsə, həmin vətəndaş əvvəlcə dəvət olunur, onunla söhbət aparılır, məsələnin mahiyyəti araşdırılır və problemin haradan qaynaqlandığı müəyyən edilir. Məsələn, nazirliklərdə niyə ictimai şuralar fəaliyyət göstərir? Görürük ki, onlar hər zaman çox böyük iş görməsələr də, bəzi hallarda ictimai şuraların rolu danılmazdır”.
Əhməd Rəhmanov vurğulayıb ki, özü də sosial müdafiə sahəsində bir neçə belə prosesdə iştirak edib:
“Görmüşəm ki, vətəndaş Sosial Müdafiə Fondunun qarşısına gəlir. Elə hallar olur ki, dövlət qurumunda çalışan məmurun hansısa məsələni izah etməyə və ya həll etməyə səlahiyyəti çatmır və ya bunu etməkdə çətinlik çəkir. Belə hallarda ictimai şuraların nümayəndələri prosesə qoşulur, həmin yerə gəlirlər və problemin həllinə kömək etməyə çalışırlar. Bələdiyyələrdə də eyni qayda tətbiq olunmalıdır. Bələdiyyələrdə ictimai şuralar yaradılmalıdır. Bələdiyyələrin səlahiyyətləri qanun çərçivəsində genişləndirilməli, onların fəaliyyət imkanları artırılmalıdır. Bələdiyyələrə imkan verilməlidir ki, istədikləri vaxt başqa rayonun bələdiyyəsi ilə müqavilə bağlaya bilsinlər. Həmin rayonun kənd təsərrüfatı məhsulları, tərəvəz və meyvələri birbaşa alıb öz ərazilərində sata bilsinlər. Yəni oturub gözləməməlidirlər ki, icra hakimiyyəti buna icazə verəcək, yoxsa verməyəcək. Hesab edirəm ki, bu sahədə qanunvericilik dəyişdirilməli və mütləq islahatlar aparılmalıdır”.
20:00 21.07.2026
Oxunuş sayı: 88