Gənclər üçün yeni tələ: Bir iş ümidi, bir ömür peşmançılıq
Gənclər üçün təcrübə qazanmaqla yanaşı gəlir əldə etmək də vacibdir. Bu zaman onlar daha sürətli və asan qazanc yollarına üstünlük verirlər, lakin bunun yaratdığı riskləri tam dərk etmirlər. Belə ki, gənclər iş axtararkən bəzi fırıldaqçıların qurbanı olurlar. Onlardan bəzisi iş üçün "qeydiyyat pulu" verir, bəziləri isə təcrübəsiz olduğu üçün bilmədən qanunazidd işlərə yönəlir. Nəticədə isə gəlir mənbəyi axtaran gənclərin gələcəyi təhlükəyə atılır.
Bəs bu hallarla rastlaşmamaq üçün gənclər nəyə diqqət etməlidir? Ümumiyyətlə sözügedən məsələ ilə bağlı Azərbaycanda əlavə təşkilata ehtiyyac varmı?

Mövzü ilə bağlı Milli Məclisin deputatı Elnarə Akimova Crossmedia.az-a açıqlamasında bildirib ki, Gənclik insan həyatının ən böyük ümid, ən böyük enerji və ən böyük seçim dövrüdür:
“Bu dövrdə verilən qərarlar təkcə bugünkü gəliri deyil, sabahkı taleyi də müəyyən edir. Məhz buna görə də ilk iş yeri, ilk əmək müqaviləsi, ilk maaş və ilk peşə təcrübəsi hər bir gəncin həyatında mühüm mərhələ hesab olunur. Lakin təəssüf ki, müasir dövrdə bu arzuların arxasında pusquda dayanan təhlükələr də az deyil. İşsizlikdən, təcrübəsizlikdən və sürətli qazanc istəyindən istifadə edən dələduz şəbəkələri minlərlə gənci aldatmağa çalışır. Bu gün sosial şəbəkələrdə və müxtəlif internet platformalarında "gündəlik 200 manat qazanc", "təcrübə tələb olunmur", "evdən işləyərək yüksək gəlir əldə edin", "işə qəbul üçün yalnız qeydiyyat ödənişi lazımdır" kimi elanlarla rastlaşmamaq mümkün deyil. İlk baxışdan cəlbedici görünən bu vədlərin əksəriyyəti ya maliyyə fırıldağı, ya şəxsi məlumatların ələ keçirilməsi, ya da gənclərin qanunsuz fəaliyyətlərə cəlb olunması məqsədi daşıyır. Beynəlxalq təcrübədə də saxta işəqəbul şirkətlərinin əsas üsullarından biri namizəddən əvvəlcədən "qeydiyyat", "təlim" və ya "zəmanət" haqqı tələb etməkdir. Halbuki peşəkar işəgötürənlər və vasitəçilər gəlirlərini namizəddən deyil, işəgötürəndən əldə edirlər. Ən təhlükəli məqam isə odur ki, bəzi gənclər bilmədən cinayət tərkibli fəaliyyətlərin iştirakçısına çevrilirlər. Bank kartlarını başqalarına vermək, elektron pul köçürmələrində vasitəçi olmaq, saxta onlayn mağazaların reklamını aparmaq, "operator", "menecer" adı altında qanunsuz maliyyə əməliyyatlarını həyata keçirmək sonradan hüquqi məsuliyyət yaradır. Nəticədə qısa müddətli qazanc arzusu uzun illər davam edəcək hüquqi problemlərə, məhkəmə araşdırmalarına və ləkələnmiş əmək bioqrafiyasına çevrilə bilir.
Əslində məsələ təkcə dələduzluq deyil. Burada əsas problem gənclərin əmək bazarı haqqında kifayət qədər məlumatlı olmamasıdır. Bir çox hallarda onlar əmək müqaviləsinin əhəmiyyətini, rəsmi məşğulluğun üstünlüklərini, sosial sığortanın, pensiya kapitalının və əmək hüquqlarının mahiyyətini tam bilmirlər. Halbuki Azərbaycanda əmək münasibətlərinin rəsmiləşdirilməsi qanunvericiliyin əsas tələbidir və əmək müqaviləsi elektron sistemdə qeydiyyata alınmadan işə başlamaq hüquqi risk yaradır. Sevindirici haldır ki, dövlət bu istiqamətdə mühüm mexanizmlər formalaşdırıb. Dövlət Məşğulluq Agentliyi vasitəsilə 15 yaşı tamam olmuş hər bir şəxs işaxtaran kimi elektron qaydada ödənişsiz qeydiyyatdan keçə, vakansiyalarla tanış ola və məşğulluq xidmətlərindən yararlana bilər. Bu xidmətlərə görə heç bir dövlət rüsumu və ya qeydiyyat haqqı tələb edilmir. Əgər hər hansı şəxs və ya şirkət "işə düzəltmək" adı ilə əvvəlcədən pul istəyirsə, bu, ciddi xəbərdarlıq siqnalıdır”.
Deputat gənclərin nələrə diqqət etməli olduğuna da aydınlıq gətirərərk qeyd edib ki, ilk növbədə, əmək müqaviləsi olmadan işə başlamamaq, işə qəbul üçün əvvəlcədən pul ödəməmək, şirkətin hüquqi statusunu yoxlamaq, əmək haqqının köçürüləcəyi hesab və əmək münasibətlərinin rəsmiliyini dəqiqləşdirmək vacibdir:
“Şəxsiyyət vəsiqəsinin surətini, bank kartının məlumatlarını və şəxsi kodları tanımadığı şəxslərlə paylaşmaq yolverilməzdir. "Çox yaxşı görünən" təkliflərin əksəriyyəti reallıqda ən təhlükəli tələlərdən biri ola bilər.
Digər mühüm məsələ maarifləndirmədir. Universitetlərdə, kolleclərdə və peşə təhsili müəssisələrində "Əmək bazarında təhlükəsizlik", "İşə qəbul zamanı hüquqlar", "Kiberdələduzluqdan müdafiə" mövzularında davamlı təlimlər keçirilməlidir. Çünki hüququnu bilən gənci aldatmaq daha çətindir. Məncə, Azərbaycanda yeni dövlət qurumu yaratmaqdan daha çox, mövcud institutların fəaliyyətinin koordinasiyasını gücləndirmək lazımdır. Dövlət Məşğulluq Agentliyi, DOST mərkəzləri, Gənclər Fondu, ASAN Könüllüləri, ali məktəblərin Karyera mərkəzləri və gənclər təşkilatları vahid informasiya platforması ətrafında birləşdirilməlidir. Burada təsdiqlənmiş vakansiyalar, etibarlı işəgötürənlərin reyestri, şübhəli elanlar barədə xəbərdarlıqlar və hüquqi məsləhətlər təqdim olunmalıdır. Belə bir sistem həm dələduzların fəaliyyət imkanlarını məhdudlaşdırar, həm də gənclərin düzgün seçim etməsinə kömək edər.
Unutmaq olmaz ki, bir gəncin aldadılması təkcə onun cibindən çıxan pul demək deyil. Bu, itirilmiş zaman, sarsılmış inam, zədələnmiş karyera və bəzən də məhv olmuş gələcək deməkdir. Cəmiyyətin ən böyük sərvəti olan gənclərin enerjisi və potensialı dələduzların qazanc mənbəyinə çevrilməməlidir. Hər bir gənc anlamalıdır ki, zəhmətlə qazanılan kiçik uğur belə, fırıldaq yolu ilə vəd edilən böyük qazancdan daha dəyərlidir. Çünki halal zəhmət insanı yüksəldir, asan qazanc vədləri isə çox vaxt onu uçuruma aparır. Gənclərin gələcəyini qorumağın ən etibarlı yolu isə məlumatlı olmaq, hüquqlarını bilmək və hər qərarı soyuqqanlılıqla verməkdir”.
19:30 21.07.2026
Oxunuş sayı: 86