Akademik Gövhər Baxşəliyevanın fəaliyyətinə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında görkəmli şərqşünas alim, AMEA-nın vitse-prezidenti, akademik, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın həyat və fəaliyyətini əhatə edən "Akademik Gövhər Baxşəliyeva" adlı biblioqrafik göstərici nəşr olunub.
Bu barədə Crossmedia.az-a AMEA-dan məlumat verilib.
Alimin 70 illik yubileyinə həsr edilən nəşr AMEA Rəyasət Heyətinin müvafiq qərarına əsasən "Elm" nəşriyyatında çap edilib.
Nəşrdə klassik və müasir ərəb ədəbiyyatı, ərəbdilli Azərbaycan ədəbiyyatı, müqayisəli ədəbiyyatşünaslıq, ədəbi əlaqələr, mənbəşünaslıq və şərqşünaslığın digər istiqamətlərinin inkişafında mühüm xidmətləri olan akademik Gövhər Baxşəliyevanın həyatının əsas tarixləri, elmi-pedaqoji və ictimai fəaliyyəti əksini tapıb. Həmçinin alimin elmi əsərlərinin biblioqrafiyası, kitabları, dövri mətbuatda, seriyalı nəşrlərdə və məcmuələrdə dərc olunmuş məqalələri, konfrans materialları, müsahibə və şərhləri sistemli şəkildə təqdim olunub. Eyni zamanda, görkəmli elm və mədəniyyət xadimlərinin akademik Gövhər Baxşəliyeva haqqında fikirləri də biblioqrafik göstəriciyə daxil edilib.
Kitabda AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin "Elmi fəaliyyətlə ictimai fəaliyyətin vəhdəti" adlı oçerki də yer alıb.
Nəşrin elmi redaktoru MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynovdur. Redaktorlar Biblioqrafiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva və Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçisi isə həmin şöbənin baş biblioqrafı Təranə Rüstəmovadır.
Biblioqrafik göstərici şərqşünaslıq və ərəb filologiyası sahəsində elmi-tədqiqat aparan alim və mütəxəssislər, ali təhsil müəssisələrinin müəllim və tələbələri, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
Nəşrlə MEK-in saytının "Elektron kitablar" bölməsində onlayn tanış olmaq mümkündür.
14:54 20.07.2026
Oxunuş sayı: 60