Şəhər sakinləri yay tətillərini harada və necə keçirəcəklər? - SORĞU
Yay aylarında insanlar istirahət üçün yaşadıqları şəhərin səs-küyündən uzaq, sakit və gözəl yerdə dincəlmək istəyirlər. Azərbaycanda insanlar adətən rayonlara üz tutsalar da, statistikada istirahət üçün xaricə gedən vətəndaşların da sayı artıb. Maraqlıdır sakinlərimiz yay tətillərini harada keçirməyə üstünlük verirlər, Azərbaycanda, ya xaricdə?
Crossmedia.az mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu keçirib:
“Yayda xaricdə dincələcəksiniz, ya Azərbaycanda?”
Ədalət Hüseynov:
“Təqaüdçü adamam, hər gün mənə tətildi. Xaricə getməyəcəm. Amma gedə bilsəm, yay tətilimi öz doğma yurdumda, Gürcüstanda keçirmək istəyirəm. Hələ dəqiq deyil, dəmiryolu açılıb, amma biletlər bahadır. Adam bilmir ne etsin”.
Samirə Bəşirova:
“Yox, xaricə getməyəcəm. Bakı gözəldi, burada olacağam”.
Şəhər sakini Allahverən Əhmədov: “Yay demək olar ki, bitib. Bircə ay qalıb, mən bu bir ayı Qarabağda keçirəcəm, xaric filan düşünmürəm. Öz vətənimiz hamısından gözəldir. Şuşaya gedəcəm. Keçən il də oralarda keçirdim. Gözəl yerlərdir”.
Zahidə Quluzadə: “Yox, elə bir imkan yoxdur. Bakıda olacam”.
Dilman Yusifov: “Mən keçən yay ürəyimdən əməliyyat oldum, heç yerə gedə bilmədim. Bu yay da əməliyyat olunacam. Elə kardiologiya mərkəzində keçirəcəm tətilimi”.
Mayıl Ələkbərova: “Xarici ölkəyə getməyə imkan elə də yoxdur. Yəqin hansısa rayona gedərəm”.
Ayhan Ağarzayev
Nigar Xəlilli
18:30 18.07.2026
Oxunuş sayı: 72