Meşədə yanğına bunlar səbəb olur
Anomal isti hava şəraitinin hökm sürdüyü yay aylarında meşə yanğınları ekoloji tarazlıq üçün ən ciddi təhdidlərdən birinə çevrilir. Yaşıl zonaların məhv olması regional iqlimə və canlı aləmə sarsıdıcı zərbə vurur. Meşə yanğınları sadəcə meşə daxilindəki flora və faunaya yox həm də havaya ciddi təsir göstərir. Havanın çirklənməsi meşə yaxınlığında olan yaşayış məskənlərindəki insanların nəfəs almasına da ciddi çətinliklər törədir. Bəs bu yanğınların qarşısını almaq üçün hansı profilaktik tədbirlər görülməli və vətəndaşlar hansı qaydalara əməl etməlidir?
Mövzu ilə bağlı ekoloq Sadiq Həsənov Crossmedia.az-a açıqlama verib:
"Meşə yanğınlarının baş verməsi, şübhəsiz ki, ekosistemə çox ciddi və bərpası çətin olan zərər vurur. Çünki meşələr planetimizdə iqlimi tənzimləyən, biosferi oksigenlə təmin edən və bütün canlı aləmin mövcudluğunu şərtləndirən ən mühüm yaşıl sərvətdir. Yaşıl örtüyün sahəsi nə qədər geniş olarsa, hava mühiti bir o qədər normallaşar, rütubət balansı tənzimlənər. Eyni zamanda meşəlik ərazilər kəskin isti havalarda insanlar üçün unikal bir sığınacaq rolunu oynayır. Araşdırmalar göstərir ki, normal bir ağac ildə təxminən 100 kiloqrama qədər oksigen hasil edə bilir. Meşələr həm də oksigen mühitini nizamlayır, havadakı tozu özünə çəkir, şiddətli küləklərin və anomal istilərin qarşısını alan güclü bir mikroiqlim formalaşdırır. Təəssüf ki, yay aylarındakı yüksək temperatur yanğınların miqyasını daha da şiddətləndirir. Məsələn, qış aylarında hava soyuq olduğu üçün alov sürətlə yayılmır və yanğını vaxtında söndürmək mümkün olur. İsti havalarda isə yüksək temperatur zəncirvari reaksiya yaradaraq alovun daha tez genişlənməsinə şərait yaradır".

Ekoloq meşə yanğınlarında insan amilinin həlledici rol oynadığını qeyd edərək vətəndaşlara ciddi çağırış edib: "Bu cür bəlalarda əsas səbəb antropogen, yəni insan faktorudur. Vətəndaşlarımız meşəlik ərazilərdə dincələrkən ocaq qalayır, lakin ərazini tərk edərkən ona qarşı laqeyd yanaşırlar. Söndürülməyən hər bir ocaq 12 saat, isti və küləkli hava şəraitində isə daha uzun müddət yanar və ya közərər vəziyyətdə qala bilir. Belə acınacaqlı mənzərələrin yaşanmaması üçün meşədə dincələn, yemək bişirən hər bir şəxs yandırdığı ocağı mütləq su ilə və ya torpaqla tamamilə söndürməlidir. İnsanlar ərazidən ayrılana qədər ocağın tam sönməsinə şəxsən nəzarət etməlidirlər, çünki kiçik bir diqqətsizlik böyük bir ekoloji fəlakətin xəbərdarlığı ola bilər. Eyni zamanda dincəlməyə gedən şəxslərdən siqaret kötüklərini ətrafa atmamaq və bu cür təhlükəsizlik qaydalarına ciddi riayət etmək tələb olunur".
Fatimə Cabbarlı
20:00 18.07.2026
Oxunuş sayı: 81