Azərbaycanın daha bir beynəlxalq uğuru: D-8 üzvlüyü

Misirdə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının XI Sammiti baş tutub. 1997-ci ildə Türkiyə, Pakistan, İran, İndoneziya, Malayziya, Misir, Banqladeş və Nigeriya tərəfindən yaradılan bu təşkilat iqtisadi əməkdaşlığı təşviq etmək məqsədini daşıyır. D-8, üzv ölkələr arasında iqtisadi, ticarət, maliyyə və texnoloji əlaqələri inkişaf etdirmək, eləcə də sosial və mədəni əməkdaşlığı gücləndirmək istiqamətində fəaliyyət göstərir.
Sammitin Misirdə keçirilməsi, Azərbaycanın bu qurumun üzvü olan ölkələrlə əməkdaşlığı, D-8-dəki rolu və ölkələr arasında münasibətlərə təsiri barədə Misirdə Azərbaycan diasporunun sədri Seymur Nəsirov açıqlama verib:
“Dekabrın 19-da Misirdə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının on birinci sammiti baş tutub. Bu görüşün Misir üçün əhəmiyyətli olduğunu müşahidə etdik. Xüsusilə son illərdə dünyada baş verən hadisələrin digər ölkələrə olduğu kimi, Misirə də təsiri olub. Orta Şərqdə baş verən hadisələr Misirdə daha çox iqtisadi problemlərə səbəb olub. Bu, pandemiyadan və Rusiya-Ukrayna müharibəsindən sonra baş verib. Misirə turizm əsasən bu ölkələrdən gəlirdi və savaşdan sonra ölkədə çox böyük problemlər yaşandı. Bütün bunlar bitməmiş, İsrailin Qəzza zolağına hücumu Misirə iqtisadi problemlər yaradıb”.
Seymur Nəsirov bildirib ki, “Yəməndə yaşayan husilərlə İsrail arasında olan narahatlıq, onların gəmilərə müdaxilə etməsi Süveyş kanalının gəlirlərini 70 faiz azaldıb. Bu da son illərdə Misir iqtisadiyyatına, xüsusilə də Misir fondunun dəyərinə təsir edib. Belə bir vaxtda Misirin Zirvəyə rəhbərlik etməsi, eyni zamanda inkişaf etməkdə olan böyük müsəlman ölkələrinin bir araya gəlməsi Misir üçün mənəvi dəstəkdir. Həmçinin iqtisadi baxımdan da Misirin bu ölkələrlə əlaqələri yüksək səviyyədədir. Xüsusilə də Türkiyə və Misir arasında ticari mübadilə 9 milyard dollara qədər çatmışdı və yaxın görüşlərdən birində tərəflər bu rəqəmi 15 milyard dollara çatdırmağı məqsəd qoyub. Sammitin Misirdə keçirilməsi ölkə mediasında da çox yüksək səviyyədə işıqlandırılıb”.
Sədr Azərbaycanın quruma üzvlüyündən də danışıb: “Azərbaycanın belə bir quruma üzv olması sevindirici haldır. İnkişaf etməkdə olan bu səkkiz ölkə müsəlmanların 60 faizini təşkil edir. Belə bir təşkilata üzv olmaq dövlətimizin beynəlxalq arenada gücünün artmasının bariz nümunəsidir. Bu doğru siyasət nəticəsində Azərbaycan da təşkilata tamhüquqlu üzv seçilib. Düşünürəm ki, Azərbaycan böyük bir bazardan istifadə etmək haqqı qazanıb.
Azərbaycan qeyri-neft sektorunda ciddi addımlar atır. Bu ölkələrin bazarlarına çıxmaq, istehsal etdiyi məhsulları bu ölkələrə satmaq həqiqətən də uğurlu nailiyyətdir. Eyni zamanda, Azərbaycana da bu ölkələrdən investisiya cəlb etmək olar. Yeni texnologiyalar baxımından işğaldan azad edilmiş ərazilərdə tikinti sahəsinin inkişafında bu ölkələrin rolu ola bilər.
Azərbaycanın əməkdaş dövlətlərə verə biləcəyi töhfələrdən biri də Qərb və Şərqin münaqişə etdiyi bir bölgədə yerləşməsidir. Artıq Azərbaycan müharibədən əvvəl başqa bir ölkə idi, sonra isə tamamilə fərqli bir ölkəyə çevrildi. 21-ci əsrdə torpaqlarını müharibə yolu ilə geri almış ikinci bir müsəlman dövləti tanımıram. Bu səbəbdən də Azərbaycanın müstəqil apardığı siyasət dünya siyasətçiləri və elm adamları tərəfindən müsbət qarşılanır”.
“Hətta, regionda olan problemlərdə Azərbaycan vasitəçilik rolunu da oynaya bilir. Təqribən 75 ildən çoxdur ki, Fələstin-İsrail problemi mövcuddur. Azərbaycan hər iki tərəflə yaxşı əlaqələr qurub və bu nöqteyi-nəzərdən ölkəmiz məsələnin həllinə böyük töhfələr verə bilər. Azərbaycanın müstəqil siyasət yeritməsi göz önündədir. Xüsusilə də son illərdə nə qədər təzyiqlər olunsa belə, dövlətimiz siyasətini icra etməyə davam edir. Eyni zamanda, müsəlman ölkələrlə əlaqələrin yüksək səviyyədə olması ölkənin əsas hədəflərindən biri olub. Torpaqlarımız işğal altında olanda birinci dəstək müsəlman ölkələrindən gəlirdi. Hətta Ermənistanla siyasi və iqtisadi əlaqələrini kəsən dövlətlər də müsəlman ölkələri idi. Müəyyən oldu ki, din faktoru hər zaman özünü göstərir. Əgər Ermənistanın arxasında qərb ölkələri olmasaydı, heç vaxt Azərbaycana qarşı soyqırım törədə bilməzdi. Təəssüf ki, Qərb dünyası demokratik ölkə olduqlarını göstərməyə çalışsa da, Azərbaycan-Ermənistan məsələsində uğursuzluğa düçar oldu. Azərbaycan müsəlman ölkələri ilə münasibətləri daha da inkişaf etdirməlidir. Müharibədən sonra daha güclü və müzəffər bir ölkə kimi hər yerdə tanınırıq. Tolerant və multikultural bir ölkə kimi digər müsəlman ölkələr üçün nümunə ola bilərik”, – deyə Seymur Nəsirov fikrini yekunlaşdırıb.
Fidan Hacızadə
12:08 24.12.2024
Oxunuş sayı: 7848