Azərbaycanın diplomatik brendi: vasitəçilikdə “good offices” modelinə töhfəsi - Deputat

Azərbaycan
Prezidentinin köməkçisi, Prezident Admnistrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində
mühüm mövzulara toxunub. O bildirib ki, Azərbaycan Bakıda Rusiya-Ukrayna
danışıqlarının keçirilməsi üçün bütün lazımi şəraiti təmin etməyə hazırdır. Bu
təklif təkcə texniki bir ev sahibliyindən ibarət deyil, həm də Azərbaycanın
beynəlxalq münaqişələrdə tərəfsiz, balanslı və konstruktiv siyasətinin təzahürü
kimi qiymətləndirilə bilər. Qafqazın geosiyasi mərkəzində yerləşən Bakı artıq
bir neçə dəfə diplomatik dialoqların və humanitar təşəbbüslərin ünvanı kimi
çıxış edib. İndi isə sual yaranır: Azərbaycanın bu təşəbbüsünə Rusiya və
Ukrayna tərəfləri necə yanaşacaq? Bu girişim münaqişənin yumşalmasına real töhfə
verə bilərmi, yoxsa sadəcə yaxşı niyyətin nümayişi olaraq qalacaq?
Mövzu
ilə bağlı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev
Crossmedia.az-a açıqlama verib:
“Azərbaycanın
regional və qlobal miqyasda cərəyan edən hadisələrə münasibətdə tərəfsiz siyasət
yürütməsi və obyektiv mövqe sərgiləməsinin əsasında beynəlxalq hüququn hamı tərəfindən
qəbul edilmiş prinsiplərinə hörməti dayanır. Eyni zamanda beynəlxalq münasibətlər
sistemində, dövlətlərarası münasibətlərdə dəyərlərə və onların qorunmasına
verdiyi önəmdən irəli gəlir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məqamlarla
bağlı müxtəlif forumlardakı çıxışlarda həmişə dövlətimizin prinsipial və ədalətli
mövqeyini, beynəlxaql müstəvidə qazandığı etimadı vurğulayıb. Biz müəyyən mənada
Azərbaycanın vasitəçilikdə “good offices”, yəni xoşməramlı xidmətlər modelinə
töhfəsini Bakının diplomatik brendi kimi də xarakterizə edə bilərik.
Prezidentin
köməkçisi Hikmət Hacıyev 26 iyul tarixində Almaniyanın “Berliner Zeitung” qəzetinə
verdiyi müsahibədə Azərbaycanın vasitəçilik missiyası barədə öz fikirlərini
bildirmişdir. O, ölkəmizin indiyəqədər müxtəlif tərəflər arasında bitərəf vasitəçilik
platforması təqdim etdiyini vurğulamışdır. Misal olaraq İsrailin Türkiyə və
Suriya ilə danışıqları üçün rəsmi Bakının təqdim etdiyi platformanın əhəmiyyəti
qeyd olunmuşdur. Bundan əvvəl isə raketdən müdafiə sistemləri ilə bağlı
ABŞ-Rusiya hərbi komandanlıqları arasında olan danışıqlar, eləcə də NATO-Rusiya
arasında olan danışıqlarda da Bakının ev sahibliyi etməsini qeyd etmişdir. Digər
maraqlı və diqqəti cəlb edən məqam Hikmət Hacıyevin vurğuladığı - “Bakıda baş
tutan digər səssiz çoxsaylı diplomatik fəaliyyətlər”lə bağlı olmuşdur. Deməli həm
yerli, həm də xarici mətuatda çox az məlumata rast gəlinən digər “xoşməramlı
xidmətlər” və ya xoşniyyətli vasitəçilik
təcrübəsi də var”.
Deputat
həmçinin bildirib: “Vasitəçilik beynəlxalq münasibətlər sistemində mübahisələrin
və münaqişələrin sülh yolu ilə həllində qəbul olunmuş ən güclü instrument hesab
edilir. Hətta BMT nizamnaməsinin altıncı fəsli bütünlüklə vasitəçiliklə bağlı məsələlərə
həsr olunub. Vasitəçilik müxtəlif növlər və ya formalarda həyata keçirilir –
dialoqun təşkili, etimadın yaradılması, tərəflər arasında platformanın təqdim
olunması, aktiv vasitəçilik formasında kompromislərin hazırlanması, tərəfləri həmin
kompromislərə getməyə məcbur etmək v.s. Belə ki vasitəçilik missiyası müxtəlif
formalarda həyata keçirilir. Ən geniş yayılan platformalardan biri vasitəçiliyin
xoş niyyətli xidmətləridir. Buna ingiliscə “good offices” deyilir. Buna ən əyani
misal Birləşmiş Ərəb Əmirliyi tərəfindən həyata keçirilən xoşməramlı xidmət sayəsində
Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında
Əbu-Dabidə baş tutan danışıqlar olmuşdur. Birləşmiş Əmirliklərin təqdim etdiyi
Əbu-Dabi platformasında nümayəndə heyətləri ikitərəfli daşıqları vasitəçisiz
apardılar.
Hikmət
Hacıyev müsahibəsində bu məqamı vurğulayıb ki, biz vasitəçilik üçün açığıq,
amma bunun üçün müraciət edilməlidir. Bu gün Rusiya və Ukrayna arasında
danışıqlar üçün platforma təqdim edən və müəyyən mənada aktiv vasitəçilik həyata
keçirən qardaş və strateji müttəfiqimiz Türkiyədir. Burada biz Türkiyə XİN, digər
qurumlar, hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçilik səylərini
görürük. Qardaş Türkiyə ondan asılı olanları yerinə yetirməklə vasitəçilik səylərinin
öhdəsindən çox profesionallıqla gəlir. Azərbaycan Türkiyə ilə xarici siyasət
daxil olmaqla, bir çox strateji məsələlərdə lazım gələn məqamlarda
sinxronlaşdırılmış və nəticəyönümlü fəaliyyət həyata keçirir”.
Ayhan
18:15 29.07.2025
Oxunuş sayı: 10637