"ASAN xidmət" daha üç rayonda: Dövlət xidmətlərinə əlçatanlıq artırılır
Azad olunmuş ərazilərdə dövlət xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində növbəti addım atılır. Belə ki, Ağdam, Cəbrayıl və Laçında yeni "ASAN xidmət" mərkəzlərinin yaradılması planlaşdırılır. Qeyd olunan mərkəzlər regional xarakter daşıyacaq və yalnız bu rayonların deyil, ətraf ərazilərdə yaşayan vətəndaşların da müxtəlif dövlət xidmətlərindən rahat şəkildə yararlanmasına imkan yaradacaq. Bununla dövlət xidmətlərinin daha əlçatan və operativ şəkildə təqdim olunması, vətəndaşların xidmətlərdən istifadə imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
a
Sözügedən təşəbbüs barədə Crossmedia.az-a açıqlama verən Əmək Liqasının sədri Sahib Məmmədov bildirib ki, azad olunmuş ərazilərdə yeni "ASAN xidmət" mərkəzlərinin yaradılması təkcə dövlət xidmətlərinin göstərilməsi ilə məhdudlaşmayacaq, eyni zamanda həmin mərkəzlərin fəaliyyət göstərdiyi ərazilərdə müxtəlif xidmət sahələrinin formalaşmasına da şərait yaradacaq:
""ASAN xidmət" mərkəzlərində xidmət işçiləri, eləcə də müxtəlif dövlət orqanlarının nümayəndələri fəaliyyət göstərəcəklər. Bununla yanaşı, həmin mərkəzlərin ətrafında müvafiq infrastruktur yaradılacaq və bu infrastrukturun tərkib hissələrindən biri də iaşə obyektləri olacaq. Həmin obyektlərdə də işçilər işə qəbul ediləcək. Bu, müsbət haldır. Bütün bunlar əhalinin dövlət xidmətlərinə çıxışını daha da asanlaşdırmaq məqsədi daşıyır".
S.Məmmədov vurğulayıb ki, "ASAN xidmət"in əsas missiyası həmin ərazilərdə məskunlaşan əhaliyə dövlət xidmətlərinin göstərilməsini təmin etməkdir.
Turqut Ansari
14:00 17.07.2026
Oxunuş sayı: 67