Avtobus çatışmazlığı təhlükəli nəqliyyat vasitələrinin xətdə saxlanılmasına əsas verməməlidir
Azərbaycanda ictimai nəqliyyatın yenilənməsi istiqamətində son illər mühüm addımlar atılsa da, bəzi marşrutlarda hələ də texniki cəhətdən köhnəlmiş avtobuslardan istifadə olunur. Bu isə həm sərnişinlərin rahatlığı, həm də yol hərəkəti təhlükəsizliyi baxımından narahatlıq yaradır. Xüsusilə yay aylarında kondisionersiz, tez-tez nasaz olan və istismar müddətini başa vurmuş avtobuslar ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Mütəxəssislər hesab edirlər ki, avtobus parkının yenilənməsi təkcə yeni nəqliyyat vasitələrinin alınması ilə məhdudlaşmamalı, bu proses mərhələli və sistemli şəkildə həyata keçirilməlidir. Eyni zamanda texniki nəzarətin gücləndirilməsi, daşıyıcıların məsuliyyətinin artırılması və maliyyə mexanizmlərinin təkmilləşdirilməsi də vacib hesab olunur.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, köhnə və texniki cəhətdən yararsız avtobusların sərnişindaşımada istifadə olunması ictimai nəqliyyat sisteminin ən ciddi problemlərindən biridir: "Məsələ yalnız sərnişin rahatlığı ilə məhdudlaşmır, texniki vəziyyəti qənaətbəxş olmayan avtobuslar yol hərəkəti və sərnişin təhlükəsizliyi baxımından da ciddi risk yaradır. Yararsız avtobusların istismarda qalmasının əsas səbəblərindən biri avtobus parkının yenilənmə tempinin sərnişindaşıma tələbatı ilə uyğunlaşmamasıdır. Yeni avtobusların alınması böyük investisiya tələb etdiyindən köhnə nəqliyyat vasitələri təmir edilərək yenidən xətlərə buraxılır. Bundan başqa, bəzi marşrutlarda avtobus çatışmazlığı mövcuddur və bütün köhnə avtobusların eyni vaxtda istismardan çıxarılması intervalın artmasına və sərnişin sıxlığının yaranmasına səbəb ola bilər. Avtobus çatışmazlığı təhlükəli nəqliyyat vasitələrinin xətdə saxlanılmasına əsas verməməlidir. Avtobusun sadəcə hərəkət edə bilməsi kifayət deyil, əyləc sistemi, sükan idarəetməsi, təkərlər, asqı sistemi, qapılar və yanğın təhlükəsizliyi avadanlıqları da mütəmadi və ciddi şəkildə yoxlanılmalıdır".

Ekspert qeyd edib ki, avtobus parkının yenilənməsi birdəfəlik kampaniya şəklində deyil, konkret mərhələli proqram əsasında həyata keçirilməlidir: "İlk növbədə ölkə üzrə sərnişindaşımada istifadə olunan avtobusların texniki vəziyyəti inventarlaşdırılmalı, onlar istehsal ilinə deyil, faktiki təhlükəsizlik göstəricilərinə əsasən qiymətləndirilməlidir. Əsas təhlükəsizlik sistemlərində ciddi nasazlıq aşkarlanan avtobuslar dərhal istismardan kənarlaşdırılmalı, digərlərinin yenilənməsi üçün isə konkret vaxt qrafiki müəyyən edilməlidir. Bu proses yalnız Bakı ilə məhdudlaşmamalı, bölgələrdə də müasir və təhlükəsiz avtobusların istismarı təmin olunmalıdır. Daşıyıcıların məsuliyyəti artırılmalı, təhlükəsiz sərnişindaşıma tələblərini yerinə yetirməyən şirkətlərin fəaliyyətinə yenidən baxılmalıdır. Bununla yanaşı, daşıyıcılara güzəştli kredit və lizinq imkanlarının yaradılması avtobus parkının daha sürətli yenilənməsinə kömək edə bilər. Yeni avtobusların alınması ilə yanaşı, onların düzgün texniki xidmətinin təşkili, rəqəmsal texniki tarixçəsinin yaradılması və bütün təmir işlərinin vahid sistemdə qeydiyyatı da vacibdir. Onun sözlərinə görə, ictimai nəqliyyat təhlükəsiz, rahat və etibarlı xidmət göstərməli, sərnişin avtobusa minərkən onun texniki vəziyyəti ilə bağlı narahatlıq keçirməməlidir".
Zeynəb Həsən
18:10 15.07.2026
Oxunuş sayı: 66