Ərzaq qiymətlərinin artması adət-ənənələrdən qaynaqlanır - İqtisadçı
Azərbaycanda iyun ayında bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində dəyişiklik qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, qarabaşaq yarması, toyuq əti, yoqurt, bitki yağları, limon, alma, ərik, kələm, soğan, eləcə də qazlı və qazsız su bahalaşıb. Eyni zamanda təzə balıq, yumurta, banan, çiyələk, xiyar, pomidor, şirin bibər, badımcan, sarımsaq və kartof ucuzlaşıb. Qeyri-ərzaq məhsulları arasında boya, mebel, mühərrik yağı və mobil telefonların qiyməti artıb, məişət texnikası və zərgərlik məmulatları isə ucuzlaşıb. Beynəlxalq aviauçuşların və ölkədaxili turizm turlarının qiymətlərində də artım müşahidə olunub. Bəs bu artım və azalmalar nəyə əsasən müəyyənləşdirilir?

Mövzu ilə bağlı Crossmedia.az-a danışan iqtisadçı Eyyub Kərimli bildirib ki, müxtəlif məhsullar üzrə qiymət dəyişiklikləri bazar iqtisadiyyatı baxımından təbii prosesdir və bir çox hallarda mövsümi amillərdən, eləcə də adət-ənənələrdən qaynaqlanır: "Hazırda toy mövsümünün zəifləməsi məişət texnikası və zərgərlik məmulatlarına tələbatı azaltdığı üçün həmin məhsulların qiymətinə təsir göstərir. Yay mövsümündə insanların istirahətə üstünlük verməsi də bəzi sahələrdə tələbin aşağı düşməsinə səbəb olur. Qida məhsullarında müşahidə olunan bahalaşma isə həm idxal qiymətləri, həm də yay aylarında tələbin artması ilə əlaqədardır.Bu cür qiymət dəyişikliklərinin əlavə inzibati tənzimləmə mexanizmlərinə ehtiyacı yoxdur. Əsas məsələ bazarda sağlam rəqabət mühitinin formalaşdırılması, idxalın şaxələndirilməsi və şəffaflığın artırılmasıdır. Qiymətlər bazar iqtisadiyyatının əsas prinsipi olan tələb və təklif əsasında formalaşır – tələb azaldıqda qiymətlər aşağı düşür, tələbat artdıqda isə bahalaşma baş verir".
Zeynəb Həsən
17:00 15.07.2026
Oxunuş sayı: 58