Anormal istilərin səbəbi açıqlandı
ABŞ-də müşahidə olunan anormal istilər faciəvi nəticələrə səbəb olub. Son günlər ölkənin müxtəlif ştatlarında qeydə alınan rekord temperatur nəticəsində azı 25 nəfər həyatını itirib. Ən ağır vəziyyət Nyu Cersey ştatında yaşanıb. Burada istilə bağlı 22 nəfərin öldüyü bildirilir. Digər ölüm halları isə Illinois və Mississippi ştatlarında qeydə alınıb. İstilik dalğası ölkənin şərq və mərkəz hissəsini əhatə edib. Bir sıra bölgələrdə havanın temperaturu 40 dərəcəyə yaxınlaşıb, hiss olunan temperatur isə daha yüksək olub. Buna səbəb isə isti havanı uzun müddət eyni ərazi üzərində saxlayan atmosfer hadisəsidir. Nəticədə gecə saatlarında da hava kifayət qədər sərinləşmir və bu, insanların sağlamlığı üçün ciddi təhlükə yaradır.
Anormal istilər təkcə insan itkisi ilə nəticələnməyib. Milyonlarla insan yüksək temperatur xəbərdarlığı altında yaşayır, bəzi şəhərlərdə uzun illərin istilik rekordları yenilənib. Elektrik enerjisinə tələbatın artması səbəbindən bəzi ərazilərdə fasilələr yaranıb, təcili tibbi yardım xidmətlərinə isə günvurma və susuzlaşma halları ilə bağlı çoxsaylı müraciətlər daxil olub.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verən ekoloq İlqar Xəlilov yay aylarının isti keçməsinin təbii proses olduğunu nəzərə çatdırıb:
"Lakin qlobal iqlim dəyişikliyi bu istilərin daha ekstremal olmasına səbəb olur. Xüsusilə də Afrika üzərindən gələn quru isti hava kütlələri havada temperaturu kəskin şəkildə yüksəldir. Yayda havanın temperaturunun yüksəlməsinin digər səbəbi Sakit okeanın mərkəzi və şərq hissəsində yaranan El Ninodir. İki ildən bir təkrarlanan bu proses bəzi ərazilərə çoxlu yağıntı, digər ərazilərdə isə isti havanın yaranmasına səbəb olur. İqlimin isti və quraq keçməsi həm insan sağlamlığına, həm təbii meşə yanğınlarına, həm də bütövlükdə təbii ekosistemlərinin dequstasiyasına səbəb olur. Nəticədə kənd təsərrüfatı məhsullarının məhsuldarlığı aşağı düşür. Bu da ərzaq qıtlığı yaradır. Təbii ki, isti hava şəraiti quraqlıq yaratmaqla su ehtiyatlarına da mənfi təsir edir. Çaylardakı suyun və yeraltı suların səviyyəsi aşağı düşür ki, bu da içməli suyun miqdarının azalmasına səbəb olur. Su qıtlığı ilk növbədə suvarma əkinçiliyinə, sənaye sahələrinə və əhalinin su təchizatına mənfi təsir göstərir".
Ekoloqun sözlərinə görə, Azərbaycan da dünyada baş verən heç bir qlobal problemlərdən kənarda qala bilmir:
"Qeyd etdiyimiz bütün ekstremal hava proqnozu Azərbaycan üçün də keçərlidir. İyul-avqust aylarında havaların təbii olaraq isti keçməsi gözləniləndir".
Fatimə Məmmədova
16:00 06.07.2026
Oxunuş sayı: 58