Diasporla İş üzrə Dövlət Komitəsinin 24 illik fəaliyyəti: Vahid azərbaycançılıq və milli birlik yolu
Bu
gün Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
yaranmasının 24-cü ili tamam olur. 2002-ci ilin 5 iyulunda Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev “Xaricdə Yaşayan Azərbaycanlılarla İş
üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərman imzaladı. Bu tarixi sənəd
dünya azərbaycanlılarının vahid mərkəzdən koordinasiyasını təmin etmək, onların
milli birliyini möhkəmləndirmək və Azərbaycanın milli maraqlarını qorumaq məqsədi
daşıyırdı. 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamla isə komitə
Diasporla İş üzrə Dövlət Komitəsi kimi yenidən təşkil olundu ki, bu da
qloballaşma şəraitində diaspor siyasətinin daha geniş və effektiv həyata
keçirilməsinə imkan yaratdı. Komitə bu illər ərzində Azərbaycan dövlətinin
xarici siyasətinin mühüm tərkib hissəsinə çevrilib, dünya azərbaycanlılarını Vətənlə
sıx bağlayıb və onların potensialından ölkənin inkişafı üçün istifadəyə nail
olub. Bu struktur vahid dövlət siyasətinin formalaşdırılmasında və icrasında fəal
iştirak edir, diasporun inkişafını stimullaşdırır.
Komitənin fəaliyyəti beynəlxalq hüquq normalarına, Azərbaycan qanunvericiliyinə və müvafiq ölkələrin qanunlarına əsaslanır. O, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə, milli varlıqlarının qorunmasına, ana dilinin öyrənilməsinə və tətbiqinə köməklik göstərir. Komitə həmçinin Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin qurulmasına dəstək verir. Xaricdəki azərbaycanlıların və onların təsis etdiyi təşkilatların dövlət orqanları və QHT-lərlə əlaqələrini inkişaf etdirir, ölkə haqqında düzgün informasiya yayılmasını təmin edir. Bu fəaliyyət nəticəsində yüzlərlə diaspor təşkilatı Azərbaycanın daxili və xarici siyasəti, iqtisadi-sosial həyatı barədə məlumatlandırılır. Komitə azərbaycanlıları ölkənin müstəqilliyinin qorunmasına, iqtisadi və mədəni inkişafına cəlb edir. Milli-mədəni muxtariyyətlər və ictimai birliklərin yaradılmasına yardım göstərir. Xaricdəki azərbaycanlıların vəziyyəti haqqında məlumatların toplanması, təhlili və xüsusi məlumat bankının yaradılması da onun əsas vəzifələrindəndir. Bu işlər sistemli şəkildə aparılır və nəticələri ölkənin strateji maraqlarına xidmət edir.
Komitənin fəaliyyətində Azərbaycan evləri xüsusi yer tutur. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə xarici ölkələrdə açılan Azərbaycan evləri diasporun mədəni və sosial mərkəzlərinə çevrilib. Hazırda 21 ölkədə 33 Azərbaycan Evi fəaliyyət göstərir. Bu mərkəzlər Azərbaycan mədəniyyətini, tarixini və dilini təbliğ edir, icma üzvlərinə hüquqi və məsləhət xidmətləri göstərir, tədbirlər və layihələr həyata keçirir. Azərbaycan evləri diasporun Vətənlə əlaqələrini gücləndirən canlı platformalara çevrilib.

Qarabağ həftəsonu məktəbləri isə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb və xaricdə yaşayan azərbaycanlı uşaqların milli tərbiyəsi və təhsilində mühüm rol oynayır. Bu məktəblər Qarabağ həqiqətlərini, Azərbaycan tarixini və mədəniyyətini gənc nəslə aşılamaq məqsədi daşıyır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində onlarla belə məktəb fəaliyyət göstərir və onlar diaspor gəncliyinin milli şüurunun formalaşmasında vacib vasitədir.

Koordinasiya şuraları vasitəsilə komitə Avropa ölkələrində 16-dən çox şura ilə iş aparır ki, bu da 44-dan artıq ölkəni əhatə edir. Bu şuralar diaspor təşkilatları arasında əlaqələri gücləndirir, birgə tədbirlər təşkil edir və vahid mərkəzdən koordinasiyanı təmin edir. Koordinasiya şuraları həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, lobbiçilik fəaliyyətində və milli birliyin möhkəmləndirilməsində mühüm rol oynayır.

2018-ci ildən başlayaraq ümumilikdə 6 Yay düşərgəsi təşkil olunub. 1-ci Yay düşərgəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmişdi. Düşərgədə 37 ölkədən 140 diaspor gənci iştirak edib. Diaspor Gənclərinin ll Yay Düşərgəsi böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmişdi. Düşərgədə 47 ölkədən 107 diaspor gənci iştirak etdi. III yay düşərgəsini Diasporla İş üzrə Dövlət Komitəsi Heydər Əliyev Fondu ilə birlikdə 2022-ci ilin 2-8 avqust tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil edib. Bu möhtəşəm layihədə 50 ölkəni təmsil edən 115 nəfər iştirak edib. Onların arasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri, o cümlədən Qarabağ xanlığının banisi Pənahəli xanın varisi və Vətən Müharibəsi Qəhrəmanının övladı da olub. Bu düşərgə ümumi Yay Düşərgələri arasında xüsusi önəm daşıyır. Çünki Qarabağda xalqımızın parlaq qələbəsindən və Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayından sonraya təsadüf edib. 2022-ci il aprelin 22-23-də Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xaricdə yaşayan azərbaycanlıları hər zaman tarixi Vətənlə əlaqələrini kəsməməyə, vaxtaşırı Azərbaycana səfər etməyə, ana dilini unutmamağa, Azərbaycan tarixini və mədəniyyətini öyrənməyə, Azərbaycan həqiqətlərini dost xalqların diasporları ilə birlikdə təbliğ etməyə çağırıb. Bu mənada Diaspor Gənclərinin Yay düşərgələri Azərbaycan Prezidentinin tövsiyələrinin gerçəkləşdirilməsi kimi də qiymətləndirilə bilər. Düşərgənin açılış mərasimində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, gənclər və idman naziri Fərid Qayıbov, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin direktoru Məhəmməd Abdullayev, İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Ayaz Əliyev və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov çıxış ediblər. “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində qədim Azərbaycan torpağı Laçında keçirilib. Düşərgədə dünyanın 60 ölkəsindən gələn 115 gənc, o cümlədən azərbaycanlılar və ölkəmizə dost münasibət bəsləyən digər xalqların nümayəndələri iştirak edib. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov iştirak və çıxış edib. Sonuncu, yəni VI yay düşərgəsi isə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunub və 2025-ci ilin 3-9 avqust tarixində Xankəndi şəhərində keçirilib.

Komitənin son illərdə həyata keçirdiyi diqqətçəkən layihələr arasında Diaspor gənclərinin yay düşərgələri xüsusi əhəmiyyət kəsb edir. Düşərgələrdə gənclər Azərbaycanın reallıqları, Qarabağ Zəfəri və milli dəyərlərlə yaxından tanış olur, Vətənlə əlaqələri daha da möhkəmlənir.

İxtisaslaşmış forumlar da komitənin fəal fəaliyyət istiqamətlərindəndir. Mühəndislərin, alimlərin, mədəniyyət və incəsənət xadimlərinin, həkimlərin forumları kimi tədbirlər peşəkar diaspor nümayəndələrini bir araya gətirir, təcrübə mübadiləsi aparır və Azərbaycanın inkişafına töhfə verən layihələrə start verir. Bu forumlar iqtisadi, elmi və mədəni əməkdaşlığı genişləndirir.

Xaricdə və Azərbaycanda baş tutan bu mühüm tədbirlər cəmiyyətdə böyük marağa, müzakirələrə səbəb olub, böyük rəğbətlə qarşılanıb. Bu günə kimi xaricdə yaşayan azərbaycanlı alimlərin, həkimlərin, mühəndislərin, tələbələrin forumları təşkil olunub. Almaniya Azərbaycanlıları Alyansının, Almaniyada Azərbaycanlı Həkimlər Forumunun təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bonn şəhərində Almaniyada Yaşayan Azərbaycanlı Həkimlərin III Forumunun təşkil olunması da deyilənlərə ən yaxşı nümunələrdən biridir. Foruma Almaniyanın 81 şəhərindən 200 həkim, tibbin müxtəlif sahələrində fəaliyyət göstərən ekspertlər və ölkəmizin dövlət qurumlarını təmsil edən nümayəndələr qatılıb. Eyni sahəni təmsil edən, ortaq müzakirə mövzuları olan insanların bir araya gətirilməsi, Avropa və Azərbaycan üçün güclərini necə birləşdirə bilmələrinin müzakirə olunması yeni tendensiya, müasir diaspor hərəkatına yeni baxış, ağıllı və olduqca incə düşünülən bir addımdır.

Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması komitənin prioritetlərindən
biridir. Xocalı soyqırımı, Qara Yanvar, Azərbaycan Soyqırımı Günü və digər əlamətdar
tarixlərlə bağlı tədbirlər, habelə Zəfər dövründə diasporun dəstəyi bu istiqamətdə
böyük işlər görülüb.
Komitə
tərəfindən yaradılan interaktiv xəritə 500-dən artıq diaspor təşkilatını əhatə
edir və onların fəaliyyətini asanlaşdırır. Azərbaycan Diasporuna Dəstək Fondu və
Diaspor TV isə informasiya yayılması, təbliğat və əlaqələrin gücləndirilməsində
vacib alətlərdir. Diaspor TV vasitəsilə dünya azərbaycanlıları aktual hadisələr,
layihələr və mədəni tədbirlər barədə məlumat alır.
Şuşada keçirilən Zəfər Qurultayı komitənin fəaliyyətindəki ən əlamətdar hadisələrdəndir. 2022-ci ildə Prezident İlham Əliyevin iştirakı və çıxışı ilə keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı azad Qarabağda, mədəniyyət paytaxtı Şuşada baş tutub. Bu qurultay diasporun Zəfər ruhunu və Vətənə bağlılığını bütün dünyaya nümayiş etdirdi.

Komitənin
fəaliyyəti Avropa, MDB, ABŞ, Kanada, Türkiyə, Asiya və Transqafqaz ölkələrində
sistemli şəkildə davam edir. Bu regionlarda hüquqların qorunması, mədəni mərkəzlərin
yaradılması, investisiya layihələri və lobbiçilik fəaliyyəti geniş vüsət alıb.
Komitənin
əhəmiyyəti iqtisadi sahədə də böyükdür. Xaricdəki azərbaycanlıları ölkənin
iqtisadi islahatlarına cəlb edir, investisiya mühitini yaxşılaşdırır. Diasporun
potensialı Azərbaycana kapital axınına, texnologiya transferinə və ticarət əlaqələrinin
genişlənməsinə kömək edir.
Mədəni
və maarif sahəsində komitənin işi çoxşaxəlidir. Ana dili kursları,
kitabxanalar, teatr və musiqi kollektivlərinə dəstək, qısa filmlər, yay düşərgələri,
idman tədbirləri və mədəni festivallar milli identikliyin saxlanmasına xidmət
edir. Komitənin fəaliyyəti Azərbaycanın beynəlxalq nüfuzunun artmasına güclü təkan
verir. O, 70-dən çox ölkədə 560-dan artıq təşkilatı birləşdirir və Azərbaycanın
yumşaq gücüdür. 24 illik yubiley Azərbaycan diaspor siyasətinin yeni mərhələsinin
başlanğıcıdır. Komitənin uğurları bütün azərbaycanlıları qürurlandırır və gələcəkdə
daha böyük nailiyyətlər vəd edir.
Ayhan
14:39 05.07.2026
Oxunuş sayı: 4085