Hərbi xidmətdən yayınmaq üçün xaricdə təhsilə gedənlərin nəzərinə - Qanun dəyişir
Gənclərin xaricdə təhsilə üz tutması son illər daha da geniş vüsət alıb. Bəzi hallarda xaricdə təshsilə yönələn gənclər bir sıra problemlərlə rastlaşır. Diplom tanınmaması, dələduzluq halı ilə başqa ölkəyə göndərilmə və bəzən də hərbi xidmətdən yayınmaq məqsədi daşıyır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov mediaya müsahibəsində qeyd edib ki, çağırışçı statusunda gələn vətəndaş artıq xaricdə təhsil alması ilə bağlı arayışı təqdim edir və onlara təhsil möhlətləri verilir: “Amma bəzi hallarda nə baş verir? 3 ildən bir komissiyadan keçməli olan hərbi vəzifəli şəxslər komissiyada yararlı hesab olunursa, 1 gün, 3 gün keçəndən sonra bizə arayış gətirirlər ki, mən xaricdə oxuyuram. 1 gündə, 3 gündə magistraturaya, doktoranturaya qəbul olmaq olarmı? Bəzən də elə ölkələrdə olan universitetlərdə təhsil aldıqlarını iddia edən vətəndaşlar var ki, bilinmir orada hansı dildə təhsil alır? İnandırıram sizi biz həmin şəxslərlə müsahibə keçirsək və desək ki, öz tərcümeyi-halını həmin dildə səsləndir, bunu bacarmayacaqlar”. Bu hallarla üzləşməmək üçün qanunvericiliyə hansı əlavələr edilməlidir?
Mövzu ilə
bağlı ekspertlər Crossmedia.az-a açıqlama veriblər:
Hərbi ekspert
Üzeyir Cəfərov bildirib ki, hər bir hərbi xidmətə çağırış vaxtı bu məsələ daha
çox müzakirə olunur: “Dünən də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinin rəisi Mürsəl İbrahimov verdiyi müsahibədə bu məsələlərə aydınlıq gətirdi.
Mən də orada səsləndirilən bəzi fikirlərlə razıyam. Hətta hesab edirəm ki,
bunlar təkcə fikir kimi yox, qanunvericilikdə də öz əksini tapmalıdır. Gənclər
diqqət etməlidirlər ki, seçdikləri ali təhsil müəssisəsi və təhsil proqramı Azərbaycan
qanunvericiliyinə uyğun olaraq tanınır, ya yox. Çünki sabah əldə etdikləri
diplomları və digər sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət
Xidmətinə təqdim edəndə ciddi problemlərlə qarşılaşa bilərlər. Bir məqamı da
qeyd edim ki, mən ümumiyyətlə gənclərin hərbi xidmətlərini bir il və ya ilyarım
müddətində keçməsinin birmənalı tərəfdarıyam. Yəni bu kişilik məktəbini keçilməli,
gənclər bu məktəbi bitirməlidirlər ki, sonradan haradasa işə düzələndə və ya fəaliyyət
göstərərkən özlərini daha rahat hiss etsinlər”.

Ü.Cəfərov bildirib ki, bəzən mənfi hallar da olur: “Bəzən fiziki göstəricilərlə bağlı çətinliklər yaranır. Bəzən də universiteti bitirdikdən sonra hərbi xidmətə gələn gənclər burada xidmətin müəyyən məhdudiyyətləri və çətinlikləri ilə üzləşirlər. Eləsi var buna dözür, eləsi də var dözmür. Bu da təbiidir, başa düşüləndir. Amma hesab edirəm ki, Azərbaycan qanunvericiliyi bu istiqamətdə daha da təkmilləşdiriləcək. Onsuz da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu istiqamətdə müəyyən addımlar atır. Düşünürəm ki, yaxın vaxtlarda qanunvericilik də bu istiqamətdə bir qədər sərtləşdiriləcək. Mənim proqnozum budur”.
Təhsil
eksperti Elçin Əfəndiyev isə bildirib ki, illərdir məhz bu fakt nəticəsində nə
qədər vətəndaşımız müxtəlif dələduzluqların qurbanına çevrilir: “Bəzi hallarda
insan alverinin, bəzi hallarda isə orqan alverinin qurbanı olurlar. Bəzən bunu
bilmədən, bəzən də bilərəkdən təhsil adı altında fəaliyyət göstərən xarici təhsil
şirkətlərinə müraciət edirlər. Belə şirkətlər fəaliyyət göstərir və xüsusilə də
son dövrlərdə onların sayı daha da artıb. Onlar bir-iki il fəaliyyət göstərir,
sonra isə yoxa çıxırlar. Təəssüf ki, vətəndaşlarımız da onlara aldanır və ya
inanırlar. Onları ya onlayn təhsilə, ya da ölkəmizdə tanınmayan təhsil
proqramlarına yönləndirirlər. Sonradan isə həmin təhsil müəssisələrinin verdiyi
sənədlər ölkəmizdə tərəfdən tanınmır”.

Ekspert əlavə edib ki, ona görə də vətəndaşlarımız bu məsələdə daha ayıq-sayıq olmalıdırlar: “Eyni zamanda qanunvericilikdə də müəyyən dəyişikliklərin edilməsi və bəzi tələblərin sərtləşdirilməsi mütləq vacibdir. Bizdə ümumiyyətlə, xaricdə təhsil alanlar üçün əsasən əyani təhsil tanınır. Qiyabi və distant təhsil isə tanınmır. Hesab edirəm ki, məhz həmin şirkətlər vasitəsilə xaricə qəbul göndərilən şəxslərin sənədləri və qəbul prosesi ciddi şəkildə yoxlanılmalıdır. Bunun üçün xüsusi yoxlama mexanizmi hazırlanmalıdır. Əgər qəbul prosesi qanuni deyilsə, o zaman həmin şəxslərin ümumiyyətlə Sərhəd Keçid Məntəqəsindən ölkədən çıxışına da yol verilməməlidir”.
13:00 27.06.2026
Oxunuş sayı: 47