Kənd təsərrüfatında islahatları nəzərdə tutan qanun layihələri parlamentə tövsiyə edilib
İyunun 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.
Crossmedia.az xəbər verir ki, iclasda 6 qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim edilib. Komitənin sədri Tahir Rzayev ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin may ayında kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlətimizin başçısının aqrar sektorun inkişafı və qarşıda duran vəzifələr barədə mühüm fikirlər səsləndirdiyini qeyd edib. O, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin, o cümlədən qanunvericilik bazasının təkmilləşdirilməsinin nəzərdə tutulduğunu söyləyib.
Sonra iclasın gündəliyində olan qanun layihələri təqdim edilib.
“Toxumçuluq haqqında” Qanunun layihəsi ilə bağlı diqqətə çatdırılıb ki, sənəd müasir dövrün tələbləri, yeni iqtisadi, nəzarət və dəstək mexanizmlərinin tətbiqi, habelə kənd təsərrüfatı sahəsində aparılan islahatların dərinləşdirilməsi zərurəti nəzərə alınmaqla sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsini hədəfləyir. Bildirilib ki, layihədə toxumçuluq fəaliyyəti ilə bağlı bir sıra yeni anlayışların daxil edilməsi, toxum keyfiyyətinə nəzarət və sertifikatlaşdırma prosesinin beynəlxalq təcrübəyə uyğunlaşdırılması, bu sahədə fəaliyyət göstərən subyektlərin qeydiyyatının elektron şəkildə aparılması nəzərdə tutulur. Bununla yanaşi, rəqabət mühitinin formalaşması baxımından, yüksək nəsilli orijinal və elit toxumların istehsalına özəl sektorun cəlb edilməsi ilə bağlı müddəalar da öz əksini tapıb.
Sonra iclasda “Balıqçılıq haqqında” Qanunun layihəsi barədə məlumat verilib. Bildirilib ki, qanun layihəsi balıqçılıq və akvakultura sahəsində mövcud hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, sahənin müasir inkişaf meyillərinə uyğunlaşdırılmasına, su bioresurslarının səmərəli istifadəsi və mühafizəsinin təmin edilməsinə, habelə bu sahədəki hüquqi mexanizmlərinin gücləndirilməsinə yönəlib.
Tədbirdə habelə Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi diqqətə çatdırılıb. Qeyd olunub ki, qanun layihəsi torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi zəminin formalaşdırılması məqsədilə hazırlanıb.
Sonra gündəliyin sonuncu məsələsi - Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Aqrar sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi təqdim edilib.
Gündəlikdəki məsələlər ətrafında aparılan müzakirələrdə komitənin üzvləri öz fikir və qeydlərini söyləyiblər.
İclasda iştirak edən kənd təsərrüfatı nazirinin müavinləri İlhamə Qədimova, Zaur Əliyev, Seymur Səfərli, Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən sədr müavini Elşad Məmmədov, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Balarəhim Quliyev, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu İdarə Heyətinin sədri Əli Nəbiyev müzakirəyə çıxarılan qanun layihələrinin mahiyyəti ilə bağlı öz fikirlərini açıqlayıblar.
Tədbirdə təqdim edilən qanun layihələri birinci oxunuşda Milli Məclisin iclasına tövsiyə olunub.
18:22 25.06.2026
Oxunuş sayı: 56