Rusiyada gizli səfərbərlik iddiası yayılır
Rusiyada gizli səfərbərlik aparıldığı və kişilərin hərbi xidmət üçün kütləvi şəkildə yoxlanıldığı iddiaları yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Rusiya ordusunun Ukrayna cəbhəsində itkilərinin artması və uğursuzluqlar fonunda hakimiyyət səssiz səfərbərlik prosesinə başlayıb. İddialarda qeyd olunur ki, əvvəlcə lokal reydlər kimi başlayan proses indi geniş miqyas alıb.
Bildirilir ki, təhlükəsizlik qüvvələri və hərbçilər yolları bağlayır, avtobusları saxlayır, evlərə daxil olur və insanları şəxsi avtomobillərindən çıxararaq hərbi komissarlıqlara aparır. Xüsusilə miqrantların və qeyri-rus vətəndaşların daha çox hədəfə alındığı iddia olunur.
Mənbələrə görə, bəzi hallarda rəsmi prosedurlar əvəzinə psixoloji təzyiq və hədə-qorxu ilə şəxslərin müqavilə imzalamağa məcbur edildiyi bildirilir. Şahid ifadələrində isə insanların ailələri ilə vidalaşmağa belə imkan verilmədən aparıldığı qeyd edilir.
Rusiya hakimiyyəti isə bu prosesləri hərbi uçotun yoxlanılması kimi təqdim edir. Lakin iddialara görə, bu addımlar Ukrayna müharibəsindəki itkilərin kompensasiyası və cəbhəyə yeni qüvvə göndərilməsi məqsədi daşıyır.
21:12 19.06.2026
Oxunuş sayı: 56