Con Bolton: İran Trampdan istədiyi güzəştləri aldı
ABŞ-nin keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton İranın son danışıqlarda ABŞ prezidenti Donald Tramp üzərində üstünlük əldə etdiyini iddia edib.
Crossmedia.az xəbər verir ki, Bolton G7 sammiti çərçivəsində “Euronews”a müsahibəsində ABŞ və İran arasında əldə olunan çərçivə sazişinin əsasən Tehranın maraqlarına xidmət etdiyini bildirib.
Onun sözlərinə görə, İran Trampın müharibəyə son qoyacaq razılaşma əldə etməyə çalışdığını anlayaraq danışıqlarda gözləniləndən daha çox güzəşt qazanıb.
“İranlılar onu skripka kimi oynatdılar və barmaqlarına doladılar. Məhz buna görə də istədikləri razılaşmanı əldə etdilər”, – deyə Bolton qeyd edib.
Keçmiş müşavir hesab edir ki, Trampın əsas prioriteti sazişin geosiyasi nəticələri deyil, enerji bazarlarında sabitliyin qorunması olub.
Boltonun sözlərinə görə, ABŞ prezidenti ilk növbədə Hörmüz boğazının açıq qalmasına, Fars körfəzi neftinin dünya bazarlarına maneəsiz çıxışına və ABŞ-də yanacağın qiymətinin aşağı səviyyədə saxlanılmasına önəm verir.
“Tramp bu razılaşmanın geosiyasi nəticələri barədə düşünmür. Onun üçün əsas məsələ neft axınının davam etməsi və benzinin qiymətinin aşağı düşməsidir”, – deyə Bolton vurğulayıb.
10:43 18.06.2026
Oxunuş sayı: 58