Azərbaycan bərpa olunan enerji mənbələrinə dair şəbəkə araşdırmalarını tamamlamaq üzrədir
Azərbaycan 2035-ci ilə qədər bərpa olunan enerji mənbələrinin qoyuluş gücündəki payının təxminən 43 %-ə çatdırılmasını hədəfləyən şəbəkə araşdırmalarını tamamlamaq üzrədir.
Crossmedia.az Report-a istinadən xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycan həm öz "yaşıl gündəliyi"ni qətiyyətlə icra edir, həm də Xəzər regionu, Cənubi Qafqaz, Türkiyə, Mərkəzi Asiya və Avropa arasında elektrik enerjisi dəhlizləri yaradır: "2032-ci ilə qədər daxili istehlak, ixrac, həmçinin süni intellekt infrastrukturu və məlumat mərkəzlərinin enerji təminatı üçün 8 giqavat bərpa olunan enerjinin inkişaf etdirilməsi planları uğurla həyata keçirilir. Bu güclərin 2 giqavatının milli enerji şəbəkəsinə inteqrasiyası gələn il başa çatacaq".
Nazir əlavə edib ki, bağlantının yeni güc arxitekturasına çevrildiyi bugünkü reallıqda, Azərbaycan elektrik enerjisi və "yaşıl enerji" vasitəsilə Avrasiya məkanında yeni enerji körpüləri inşa edir: "Bu kontekstdə, 2032-ci ildən başlayaraq 3,9 giqavat gücün mərhələli şəkildə ötürülməsini nəzərdə tutan "Xəzər-Qara Dəhliz-Avropa" yaşıl enerji dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırılması bu ilin iyul ayınadək başa çatdırılacaq. Eyni zamanda, Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) tərəfindən maliyyələşdirilən "Mərkəzi Asiya-Azərbaycan" enerji dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının 2027-ci ilin may ayında yekunlaşması gözlənilir".
14:43 01.06.2026
Oxunuş sayı: 49