500-dən çox müəssisə Rusiyaya işləyir – Belarusla bağlı yeni məlumat
Keçmiş Belarus təhlükəsizlik əməkdaşlarının yaratdığı BELPOL qrupunun məlumatına görə, Belarusda 500-dən çox müəssisə Rusiyanın hərbi sənayesinə xidmət göstərir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilir ki, bu müəssisələr silah və sursat istehsalı, hərbi texnikanın təmiri və logistika sahələrində fəaliyyət göstərirlər.
BELPOL-un rəhbəri Vladimir Jiqarın sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko rejimi müharibə prosesinə kifayət qədər ciddi şəkildə cəlb olunub.
O bildirib ki, Ukrayna ilə sərhədə yaxın Qomel vilayətində çoxlu sayda hərbçinin yerləşdirilməsi üçün iri hərbi poliqon və kazarmalar inşa edilir.
Bununla yanaşı, hərbi analitiklər hesab edirlər ki, Belarus ordusu təkbaşına Ukraynaya qarşı genişmiqyaslı hücum həyata keçirmək üçün kifayət qədər güclü deyil. Analitik Aleksandr Alesin qeyd edib ki, Lukaşenko birbaşa müharibəyə qoşulmaqda maraqlı deyil.
“Lukaşenkonun ən son istədiyi şey müharibə etməkdir”, – deyə Alesin vurğulayıb.
13:13 31.05.2026
Oxunuş sayı: 57