Ağcaqanadların yaydığı təhlükə - Denqe virusu regionu təhdid edir
İranda denqe qızdırmasına yoluxma hallarının artması səhiyyə qurumlarının diqqət mərkəzinə çevrilib.
Mütəxəssislər xəstəliyin yayılmasında əsas rol oynayan ağcaqanad növünün artıq ölkə ərazisində mövcud olduğunu və əlverişli şəraitdə sürətlə çoxala bildiyini bildirirlər. Bu isə infeksiyanın yayılması riskini daha da artırır.
İran QİÇS Mərkəzinin rəhbəri, professor Mino Məhrəzin sözlərinə görə, denqe qızdırması ağcaqanad dişləməsi vasitəsilə insana keçir və təkrar yoluxma hallarında daha ağır fəsadlara səbəb ola bilər.
Xəstəliyin spesifik müalicəsinin olmaması fonunda mütəxəssislər profilaktik tədbirlərin və əhalinin maarifləndirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayırlar.
Bəs bu virusun ölkəmizdə yayılma ehtimalı varmı?
Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Əslində həm denqe, həm də Ebola qızdırmaya səbəb olan virus infeksiyalarıdır. Bu xəstəliklər əsasən transmissiv yolla, yəni həşəratlar və xüsusilə ağcaqanadlar vasitəsilə yayıla bilir.
Qlobal dünyada yaşadığımızı nəzərə alsaq, infeksiyaların müxtəlif regionlara yayılması riski həmişə mövcuddur. Lakin hazırkı mərhələdə bu virusların genişmiqyaslı pandemiya və ya epidemiya yaratması ilə bağlı ciddi təhlükə müşahidə olunmur.
Ən vacib məqamlardan biri odur ki, bu cür infeksiyalar gələcəkdə mutasiyaya uğrayaraq hava-damcı yolu ilə yayılma qabiliyyəti əldə edərsə, dünya daha böyük təhlükə ilə üz-üzə qala bilər.
Buna görə də, virusların yeni formalarının yaranmasının qarşısının alınması və onların yayılmasının nəzarətdə saxlanılması mühüm əhəmiyyət kəsb edir.
Məhz bu məqsədlə bəzi ölkələrdə, o cümlədən Konqo Demokratik Respublikası ərazisində, Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə karantin və digər epidemioloji nəzarət tədbirləri həyata keçirilir ki, infeksiya ocaqları lokallaşdırılsın və xəstəliyin daha geniş ərazilərə yayılmasının qarşısı alınsın".
Elmir Heydərli
13:00 30.05.2026
Oxunuş sayı: 86