Dünya üçün mühüm mesajlar
Avropa Siyasi Birliyinin təşkilinin məqsədi Avropa qitəsindəki bütün demokratik dövlətləri vahid platformada toplamaq, ümumi maraq kəsb edən məsələləri müzakirə etməkdir.
Avropa Siyasi Birliyi Avropa İttifaqına alternativ deyil, onu tamamlayan bir format kimi çıxış edir. Bu Birliyə üzv olan 40-dan çox ölkə təhlükəsizlik, enerji müstəqilliyi, infrastruktur və nəqliyyat istiqamətində əməkdaşlığı hədəfləyir. Azərbaycanın bu birliyə qoşulması ölkənin enerji tərəfdaşlığı, eyni zamanda Ermənistanla sülh prosesi kimi məsələləri baxımdan çox önəmlidir. Belə ki, sammitlər çərçivəsində tez-tez liderlər səviyyəsində qeyri-formal görüşlər təşkil edilir ki, bu da sülh gündəliyinin müzakirəsi üçün əlavə imkandır.
4 may 2026-ci ildə Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış etdi. Hər kəsi Bakıdan salamlayan Prezident İlham Əliyev ilk növbədə “Avropa Siyasi Birliyi”nin Zirvə görüşündə çıxış üçün etdiyi dəvətə görə Prezident Koştaya öz təşəkkürünü bildirdi. Daha sonra Ölkə Başçısı İlham Əliyev Prezident Koştanın Azərbaycana iki ay əvvəl etdiyi səfər zamanı Zirvə görüşündə iştirakının videobağlantı formatında olacağından, bir il öncə Tiranaya səfəri zamanı Prezident Koşta və Prezident Fon der Lyayenin Zirvə görüşünün 2026-cı il may ayında Ermənistanda təşkil edilməsi ideyasına müsbət münasibətindən də bəhs etdi.
Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasındakı münasibətlərə də münasibətini bildirərək, çıxışının ardınca qeyd etdi ki, “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”.
Cənab Prezident İlham Əliyev ötən ilin avqust ayında Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderlərinin Birgə Bəyannamə imzaladığını, Prezident Trampın da şahid kimi həmin Bəyannaməyə imza atdığını bildirərək vurğuladı ki, “Bundan başqa Ermənistanın və Azərbaycanın xarici işləri nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı”.
Prezident İlham Əliyev çıxışını davam etdirərək, bu günə kimi Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yükün çatdırıldığını, bundan başqa Azərbaycanın bu istiqamətdə əlavə addımlar atdığını da iclas iştirakçılarının diqqətinə çatdırdı. Bununla əlaqədar Azərbaycanın öz neft məhsullarını – benzin və dizeli də Ermənistana təchiz etməyə başladığını bildirən Prezident İlham Əliyev bu vaxta qədər 12 min ton neft məhsulun Ermənistana ixrac edildiyini bildirdi.
Ölkə Başçısı İlham Əliyev sülh sahəsindəki digər nailiyyətimiz olan bağlantı məsələsindən, “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun Azərbaycanı öz ekslavı Naxçıvanla birləşdirəcəyini və bununla yanaşı, Orta Dəhlizin bir hissəsinə çevriləcəyini də söylədi. Bütün bunların Ermənistanla Azərbaycan arasındakı sülhün əyani nəticələri olduğunu bildirən Prezident İlham Əliyev Avropa təsisatlarının bu məsələyə eyni yanaşma sərgiləmədiyini təəssüflə qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanın 2001-ci ilin yanvarından Avropa Şurasına üzvlüyündən, eyni zamanda özünün parlament üzvü və Azərbaycanın nümayəndə heyətinin rəhbəri kimi AŞPA-nın fəal üzvlərindən biri olmasından bəhs edərək qeyd etdi ki, “Əfsuslar olsun ki, ikili standartlar bu gün sanki AŞPA-nın iş təlimatıdır. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malikdir. Bu məsələdə ikili standartlar qəbuledilməzdir”.
Prezident İlham Əliyev Avropa Parlamentinin sülh prosesinə dəstək vermək əvəzinə ona qarşı sabotaj yaratmasından, 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul etməsindən də söhbət açaraq “beş il ərzində 14 qətnamənin aludəçilik” olduğunu söylədi. Daha sonra Ölkə Başçısı İlham Əliyev qeyd etdi ki, “Avropa Parlamenti ksenofobiya, islamfobiya, antisemitizm, miqrasiya, rəqabətçilik, evsiz insanların məsələsi kimi fundamental problemləri həll etmək əvəzinə, böhtan və yalan yayaraq Azərbaycanı hədəfə alır. Səbəb isə odur ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoyub və müharibə cinayətkarlarını ədalət mühakiməsinə cəlb edib”.
Daha sonra İlham Əliyev may ayının 1-dən Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edildiyini bildirdi.
Prezident İlham Əliyev çıxışının sonunda Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik edərək, Zirvə görüşünə uğurlar arzu etdi.
Pərvanə Talıbova
YAP Yasamal rayon təşkilatının fəalı,
Azərbaycan Milli Konservatoriyası nəzdində
incəsənət gimnaziyasının müəllimi

11:20 12.05.2026
Oxunuş sayı: 53