Qürur rəmzi
Sanki hansısa qüvvə hər gün bizi məqsədyönlü şəkildə mühüm məsələlər ətrafında düşünmək və fikir mübadiləsi aparmaqdan bir qədər də uzaq salır; fikir və sosial stereotiplər bəsitləşir, cəmiyyətdə kütləvi şəkildə tərəddüd toxumu yayılır, əldə olunan tarixi nailiyyətlər ucuz qalmaqalların yaratdığı səs-küyün içində tədricən itib-batır. Beləcə, dövlətin və millətin ruhu, sütunu hesab olunan ideologiya kitabxanalarda tozlanan kitablar kimi, zamanla unudulur.
Hər bir xalqın tarixində şərti olaraq ümummilli qürur rəmzinin mövcudluğu dövlətin dayanıqlı inkişafına müstəsna fürsətlər yaradır, eyni zamanda milli birliyin zəmanəti kimi çıxış edir. Milli ruhun təcəssümü olan həmin rəmzlər həm də gələcəklə bağlı tükənməz arzu və ümidlər uğrunda dövlət tərəfindən aparılan quruculuq işlərinin ideoloji sütunu sayılır. Dünya ölkələrinin təcrübəsinə müraciət etsək, aydın şəkildə görə bilərik ki, bir çox dövlətlərin milli ideologiyası məhz bəhs etdiyimiz “qürur rəmzi”nin ətrafında bərqərardır. Bu rəmzlər vətəndaşı gözlə görünməyən tellərlə dövlətə bağlayır, onun siyasi-ictimai təfəkküründə Vətənə ülvi sevgini yaşadır.
Tarixən xalqın sevgisini və ehtiramını qazanmış konkret bir şəxsiyyət və ya hər hansı bir konkret mühüm hadisə bəhs etdiyimiz şərti milli qürur rəmzi rolunu oynaya bilir. Qürur rəmzi xalq tərəfindən toxunulmaz dəyər kimi qəbul olunur və zamanla dövlət siyasətinin ideoloji oriyentirinə çevrilir. Milli qürur rəmzinə çevrilmək potensialına malik şəxsiyyətin konkret xalqın tarixində olması isə Tanrının böyük lütfüdür.
Şəxsi siyasi simpatiyasından və ideoloji baxışlarının məzmunundan asılı olmayaraq, hər bir məsuliyyətli vətəndaş gələcək naminə milli qürur rəmzinin formalaşması və onun qorunması prosesinə bilavasitə və ya dolayısı ilə xidmət göstərməlidir. Dövlət aparatı sözügedən prosesin lokomotivi, vətəndaş cəmiyyətinin müxtəlif institutları isə aparıcı qüvvəsi kimi çıxış etməlidir. Burada bir məqama xüsusi diqqət yetirmək isə çox vacibdir: bir tərəfdən milli həmrəylik mühiti vahid qürur rəmzinin mövcudluğunu şərtləndirir, digər tərəfdən isə qürur rəmzi özü milli həmrəyliyin ideoloji əsasını təşkil edə bilir. Başqa cür ifadə etsək, “həmrəylik mühiti” və “qürur rəmzi” bir-birini tamamlayan və bir-birinin mövcudluğunu təmin edən məfhumlardır. Dövlətin inkişafında mühüm rol oynayan siyasi sabitlik, milli həmrəylik, cəmiyyətin bütün potensialının səfərbər olunması, habelə ictimai mobillik və sağlam siyasi münasibətlər kimi strateji amillərin təminatında vahid “qürur rəmzi”nin mövcudluğu dövlətin əvəzolunmaz ideoloji resursu kimi çıxış edir. Təsadüfi deyil ki, sözügedən rəmzə sahib olmayan dövlətlərin analitik beyin mərkəzləri onun “elmi istixanalarda” yetişdirilməsi ilə məşğul olur.
Tarixən hər bir millət və cəmiyyət güvənə biləcəyi lider axtarışında olub. Elə bir lider ki, ilk növbədə ölkənin daxilində təhlükəsizliyi, dayanıqlı inkişafı və sabitliyi təmin edə bilsin. Eyni zamanda beynəlxalq münasibətlər sistemində dövlət maraqlarını mütləq prioritet kimi bəyan edə biləcək qədər nüfuz və siyasi iradəyə malik olsun. Cəmiyyət, millət və dövlət olaraq sabaha ümidlə baxmaq üçün fundamental hesab olunan əsaslar məhz bunlardır.
Artıq uzun illərdir, Qərbdə nüfuzlu və xarizmatik siyasi lider defisiti yaşanır. Təsadüfi deyil ki, Qərbin milli qürur rəmzi hesab oluna biləcək uğurları əsasən keçmişlə bağlıdır. Parıltılı “üz qabığı” ilə bəzədilmiş siyasi obrazlar, habelə “gübrə” və “dopinqlə” yetişdirilən siyasətçilər apriori olaraq xarizmatik lider ola bilməzlər. Elə bu səbəbdən də vəziyyəti xilas etmək üçün ənənəvi dəyərlər sistemini təhrif edən ultra liberal və amorf məzmunlu psevdodəyərlər siyasi dövriyyəyə buraxılır. Təbii resurslar tükəndiyindən ölkələr arasında hökm sürən total və sərt rəqabət mühitində xarizmatik liderə və xalqı birləşdirə biləcək milli qürur rəmzinə ehtiyac durmadan artır.
Fikirlərimizi qəliz elmi nəzəriyyələrlə ağırlaşdırmadan tərəddüdsüz deyə bilərik ki, Azərbaycan nadir ölkələrdəndir ki, onun tarixində həm qürur rəmzi rolunu oynayan dahi şəxsiyyət, həm də möhtəşəm Qələbə kimi hadisə var. Təsadüfi deyil ki, Azərbaycana qarşı yönəlmiş təxribat xarakterli informasiya manipulyasiyalarının əsas hədəfi də məhz adlarını qeyd etdiyimiz qürur rəmzlərini xalqdan oğurlamaq cəhdləridir.
Bəli, Ulu öndər obrazı və tarixi Qələbəmiz xalqımızın qürur rəmzidir. Rifah və milli birlik naminə milli qürur rəmzlərini qorumaq isə hər bir məsuliyyətli vətəndaşın ümdə vəzifəsidir. Bu amaldan kənarda dayanan istənilən mövqe sadəcə siyasi spekulyasiya və qüsurlu ambisiyaların təzahürüdür.
Ulu öndər Heydər Əliyevin siyasətini bütün sahələrdə böyük uğurla davam etdirən ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev çoxəsrlik tariximizə Zəfər Gününü yazmaqla yanaşı, xalqımıza Qələbə paradı sevincini yaşatdı. Qələbədən dərhal sonra Şuşada “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”, – sözlərini deyən Prezident İlham Əliyev milli qürur rəmzimiz olan Ulu öndərin adını bir daha əbədiləşdirdi. Əlbəttə, “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”, – sözlərinin müəllifi olan dahi şəxsiyyətin adı əbədi olaraq bu xalqın tarixinə yazılıb. Yeni yaşınız mübarək, Ulu öndər! Əminik ki, sevdiyiniz xalqın Qələbəsini görən ruhunuz hüzur içərisindədir.
Azərbaycanla fəxr etməyimin ilk səbəbkarı məhz o oldu.
“Vətən” və “Azərbaycan” sözlərini dilə gətirərkən səsinin titrəməsini və xoşbəxtlik göz yaşlarını görməyimin ilk səbəbkarı da məhz o oldu.
Səsinə yüz minlərlə insanın səs verməsi mənzərəsinin şahidi olmağımın səbəbkarı məhz o oldu.
“Dünya şöhrətli azərbaycanlı siyasətçi” ifadəsini eşitməyimin ilk səbəbkarı məhz o oldu.
Minlərlə insanın bir adamın adını ümidlə çağırma mənzərəsinin şahidi olmağımın səbəbkarı məhz o oldu.
Anadan olduğum qürbət ölkədə “sən milliyyətcə kimsən?” sualına cavab verəndə qarşı tərəf emosiya və nida ilə “ooo” deyib ilk növbədə onun adını çəkirdi.
Bununla da körpəlikdən Vətənimlə fəxr etməyimin ilk səbəbkarı məhz o idi – Ulu öndər Heydər Əliyev!
Bəxş etdiyiniz bu ülvi hisslərə görə Ruhunuz qarşısında baş əyirəm, Ulu öndər!
Asif Adil
11:00 09.05.2026
Oxunuş sayı: 59