Sağlamlıq

Uşaqlar səhv etdikləri zaman necə düzgün yanaşma göstərmək olar? – Psixoloq AÇIQLAYIR

Səhv etmək uşaqların öyrənməsinin və böyüməsinin qaçınılmaz bir hissəsidir. Uşaqlar səhvlərindən dərs çıxararaq, gələcəkdə daha güclü və müstəqil şəxslərə çevrilirlər. Valideynlərin bu prosesdə rolu çox böyükdür. Gəlin, uşaqların səhvlərindən necə dərs çıxarmasına kömək edərək, onların gələcəkdə daha məsuliyyətli və özünə güvənli olmasını təmin edək.

Mövzu ilə bağlı Crossmedia.az olaraq psixoloq-konsultant Zeynəb Əyyubovaya müraciət etdik:

“Səhv etmək uşaqların öyrənmə prosesinin təbii bir hissəsidir. Buna görə də, valideynlərin əsas məqsədi uşaqların səhvlərindən dərs çıxarmalarını təmin etmək olmalıdır. Bunun üçün aşağıdakı yanaşmalar tövsiyə olunur: 
 
•Səhv etdiyi zaman uşağı tənqid etmək əvəzinə, ona bu vəziyyətdən nə öyrənə biləcəyini sakit bir tərzdə izah edin. Bu, uşağın özünəinamını qorumağa kömək edəcək.

•Səhvdən sonra uşağa nə baş verdiyini izah etməsi üçün imkan yaradın. Onun baxış bucağını dinləmək problemi daha yaxşı anlamağa şərait yaradar.

•Uşağa problemi həll etmək üçün yollar təklif edin və ya onu həll yolu tapmağa təşviq edin. Bu, onun məsuliyyət hissini inkişaf etdirəcək.

•Uşaqlarla öz səhvlərinizdən necə dərs çıxardığınızı bölüşmək onlara öyrənmənin əhəmiyyətini göstərə bilər”.

Psixoloq bildirib ki, hədsiz qoruyuculuq uşaqların müstəqil qərar vermə bacarıqlarını zəiflədə bilər:

“Çox sevgi dolu yanaşma vacib olsa da, uşağın öz problemlərini həll etməyi öyrənməsi üçün şərait yaradılmalıdır. Əks halda uşaqlar özlərinə güvənməkdə çətinlik çəkə bilər. Sosial bacarıqları zəifləyə və uşaqlar özlərini cəmiyyətdə ifadə etməkdə problemlərlə üzləşə bilərlər. Risk alma qorxusu artaraq yeni təcrübələrdən çəkinmələrinə səbəb ola bilər. Balanslı yanaşma göstərmək uşağın həm sevgi dolu bir mühitdə böyüməsini, həm də sərbəst və özünə güvənli bir şəxsiyyət kimi inkişaf etməsini təmin edəcək. Psixoloq olaraq deyə bilərəm ki, uşaqların tərbiyəsində düzgün yanaşmaların və anaların davranışlarının uşaqların gələcək şəxsiyyətinə necə təsir etdiyini izah etmək üçün media vasitəsilə valideynlərə müraciət etmək onların maariflənməsinə töhfə verəcək.”

Nəticə etibarilə, hər səhv bir dərsdir və bu dərslər uşaqların həyat təcrübəsini zənginləşdirir. Hər səhv bir fürsət, hər uğursuzluq bir qələbə yoludur.

Samirə Şərif

11:26 14.12.2024

Oxunuş sayı: 5980

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR