FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirib
Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində paytaxtda insanların kütləvi toplaşdığı məkanlarda, o cümlədən otellərdə yanğın təhlükəsizliyi mövzusunda təlimlər keçirib.
Crossmedia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti və Xüsusi Riskli Xilasetmə xidmətlərinin müvafiq canlı qüvvə və texnikalarının cəlb edildiyi təlimlərin keçirilməsində məqsəd işçi heyətə fövqəladə hallar, o cümlədən yanğınlarla bağlı davranış qaydalarının aşılanması, habelə şəxsi heyətin belə obyektlərdə baş verə biləcək fövqəladə hadisələrin nəticələrinin çevik aradan qaldırılması istiqamətində praktiki bacarıqlarının artırılmasıdır.
Keçirilmiş təlimlərdə şərti yanğın zamanı "Həyəcan" siqnalı verildikdən sonra FHN-in qüvvələri operativ qaydada hadisə yerinə çataraq, "yanğınla mübarizə" tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş oteldə təxliyə planına uyğun olaraq xilasedicilər tərəfindən zərərçəkmişlərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə "ilkin yardım göstərilib".
10:56 06.05.2026
Oxunuş sayı: 46