Qazaxıstanda autizmli uşaqlara dəstək sistemi: Diaqnozdan qorxmaq yox, dəstəyi gücləndirmək lazımdır
Qazaxıstanda son üç ildə autizm diaqnozu qoyulan uşaqların sayı 7 600-dən 13 900-ə yüksəlib. Qazaxıstanın Baş naziri Oljas Bektenov bildirib ki, bu artım böyük ölçüdə erkən diaqnostika imkanlarının genişlənməsi və autizm spektr pozuntusu olan uşaqların daha vaxtında müəyyən edilməsi ilə bağlıdır. O, həmçinin ölkədə erkən müdaxilə sisteminin genişləndirildiyini və 2025–2027-ci illər üçün autizmli uşaqlara dəstəyin gücləndirilməsini nəzərdə tutan yol xəritəsinin təsdiqləndiyini qeyd edib.
Qazaxıstanın ORLEU autizm mərkəzinin rəhbəri, autizmli uşaq anası Aijan Minjasarova Crossmedia.az-a müsahibə verib.
- Qazaxıstanda autizm diaqnozu qoyulan uşaqların sayının artmasını necə qiymətləndirirsiniz?
- Mən bu məsələyə həm autizmli uşaq anası kimi şəxsi təcrübəmdən, həm də autizm spektr pozuntusu olan uşaqlara dəstək sahəsində çalışan bir mütəxəssis kimi yanaşıram. ORLEU autizm mərkəzinin rəhbəri olaraq, tibbi təhsilim və autizmli uşaqlarla iş üzrə əsas elmi əsaslı metodlara dair hazırlığım var. Buna görə də statistikanın artmasını yalnız autizmin birbaşa çoxalması kimi izah etməyi doğru hesab etmirəm.
Bu dinamika böyük ölçüdə erkən diaqnostika imkanlarının genişlənməsi, valideynlərin məlumatlılığının artması, ailələrin mütəxəssislərə daha fəal müraciət etməsi və autizm spektr pozuntularının uşağın erkən inkişaf mərhələsində daha yaxşı müəyyən edilməsi ilə bağlı ola bilər.
- Ailələr əsasən hansı çətinliklərlə qarşılaşırlar?
— Əsas çətinlik keyfiyyətli dəstəyin əlçatanlığıdır. Ölkədə müavinətlər, pulsuz xidmətlər, xeyriyyə təşkilatlarının fəaliyyəti var. Amma praktikada ailələr çox vaxt uzun növbələr, ixtisaslı mütəxəssis çatışmazlığı və məşğələlərin kifayət qədər intensiv olmaması ilə üzləşirlər. Halbuki bir çox uşaq üçün müntəzəm və davamlı dəstək çox vacibdir.
- Özəl mərkəzlər nə dərəcədə əlçatandır?
- Özəl mərkəzlər bir çox ailə üçün həqiqətən vacib dəstək mənbəyinə çevrilir, xüsusilə uşağa müntəzəm və fərdi yanaşma lazım olduqda. Lakin bu xidmətlərin əlçatanlığı hələ də hamı üçün eyni deyil. Məşğələlərin qiyməti özəl yerlərdə yüksəkdir və davamlı nəticə üçün uşağa həftədə bir neçə dəfə, bəzən isə daha intensiv proqram lazım gəlir.
Bu da bəzi ailələr üçün ciddi maliyyə və zaman yükü yaradır. Valideynlər çox vaxt iş qrafiklərini dəyişməli, uşağı məşğələlərə aparmalı və evdə də onunla davamlı işləməli olurlar. Buna görə yalnız mərkəzlərin sayını artırmaq deyil, ailələrlə işi də gücləndirmək vacibdir. Valideyn düzgün bilik və dəstək aldıqda, uşağın inkişafı üçün uyğun yanaşmaları evdə də tətbiq edə bilir.
Məncə, bu sahədə mövcud beynəlxalq təcrübədən daha fəal istifadə etmək lazımdır. Xaricdən mütəxəssislər dəvət edərək yerli kadrları sertifikatlı mütəxəssis səviyyəsinə qədər hazırlamaq, elmi əsaslı metodları tətbiq etmək və bu materialları rus və qazax dillərinə çevirərək əlçatan etmək mümkündür.
Eyni zamanda başa düşmək lazımdır ki, autizmli uşağı qısa müddətdə “düzəltmək” və ya “normaya salmaq” yanaşması doğru deyil. Amma uşağın üzərindən xətt çəkmək və onu təcrid etmək də olmaz. Burada pozitiv, uzunmüddətli və ailə yönümlü yanaşma lazımdır: uşağın yaşını, inkişaf səviyyəsini, ehtiyaclarını nəzərə alaraq onun gələcəkdə daha müstəqil və dolğun həyat yaşaması üçün vacib bacarıqları mərhələli şəkildə inkişaf etdirmək əsas məqsəd olmalıdır.
- Siz “korreksiya” deyil, “dəstək” sözünü üstün tutursunuz. Niyə?
- “Korreksiya” sözü bəzən elə səslənir ki, sanki uşaqda nəyisə düzəltmək lazımdır. Mənə daha yaxın olan söz “dəstək”dir. Autizmli uşağı “düzəltmək” lazım deyil. Ona ünsiyyət, sosial bacarıqlar, müstəqillik və gündəlik həyat vərdişlərini inkişaf etdirməkdə kömək etmək lazımdır.
- Hansı metodları daha təsirli hesab edirsiniz?
- Autizm sözün birbaşa mənasında dərmanla müalicə olunan bir vəziyyət deyil. Əsas yardım təhsil və davranış yönümlü metodlarla bağlıdır. Elmi əsaslı yanaşmalar arasında ABA, erkən intensiv davranış müdaxiləsi, sensor inteqrasiya ilə erqoterapiya, alternativ kommunikasiya, PECS, valideynlərin öyrədilməsi və strukturlaşdırılmış TEACCH təlimini qeyd etmək olar.
Təəssüf ki, bu metodların hamısı hələ geniş tətbiq olunmur. Bunun səbəbləri mütəxəssis hazırlığının baha olması, dil baryeri və məlumatlılığın kifayət qədər olmamasıdır. Buna görə mütəxəssislərin sistemli hazırlanması, keyfiyyətli materialların əlçatan dillərə tərcüməsi və yalnız pedaqoq və terapevtlərin deyil, valideynlərin də maarifləndirilməsi vacibdir. Ailə ilə iş ən təsirli istiqamətlərdən biridir, çünki uşaqla hər gün ən çox ailə birlikdə olur.
- Məktəblərdə vəziyyət necədir?
- Mənim uşağım hazırda ümumtəhsil məktəbinin birinci sinfində pedaqoq-assistentlə təhsil alır və hələlik ciddi çətinliklərlə qarşılaşmırıq. Amma mərkəzdə işləyərkən və daha böyük yaşlı uşaqları müşahidə edərkən görürəm ki, bəzi uşaqlar zamanla evdə təhsilə keçirlər.
Bunun səbəbləri arasında fərdiləşdirilmiş təhsil yanaşmalarının hələ hər yerdə tam formalaşmaması, bəzi uşaqlarda sosial adaptasiya çətinlikləri və daha böyük yaşlı autizmli uşaqlar üçün məktəb dəstəyi sisteminin hələ də inkişaf etdirilməyə ehtiyac duyması göstərilə bilər.
— Cəmiyyətin autizmli insanlara münasibətində nə dəyişməlidir?
- Autizmli insanları “qəribə”, “təhlükəli” və ya “geri qalmış” kimi qəbul etməkdən imtina etmək çox vacibdir. Bütün uşaqlar fərqlidir. Onların çoxunun düzgün dəstək olduqda üzə çıxarıla biləcək güclü tərəfləri və bacarıqları var.
Ailə yönümlü yanaşma, sosial bacarıqların inkişafı, peşə yönləndirməsi, inklüziv mühit və cəmiyyətin belə uşaqları qəbul etməyə hazırlanması lazımdır. Cəmiyyət yalnız diaqnozu deyil, uşağın özünü, potensialını, xüsusiyyətlərini və dolğun yaşamaq hüququnu görməlidir.
- Əsas nəticə olaraq nə demək istərdiniz?
- Statistikanın artmasından qorxmaq lazım deyil. Dəstək sistemini gücləndirmək lazımdır. Əgər biz elmi əsaslı metodlardan istifadə etsək, ailələrə kömək etsək, məktəbləri və cəmiyyəti hazırlasaq, autizmli uşaqların potensialını daha yaxşı görə bilərik.
Əsas məsələ diaqnozun özü deyil, uşağa və ailəsinə vaxtında, keyfiyyətli və insani dəstəyin göstərilməsidir. Uşağı təcrid etmək və ya ona qorxu prizmasından baxmaq olmaz. Ona yaşına, imkanlarına və fərdi inkişaf yoluna uyğun şəkildə müstəqil həyat üçün lazım olan bacarıqları inkişaf etdirməkdə kömək etmək lazımdır.
Fatimə Məmmədova
18:14 05.05.2026
Oxunuş sayı: 919