Onkologiyada məsuliyyət və risk - Həkimlər niyə hədəfə çevrilir?
Son günlər Milli Onkologiya Mərkəzi ilə bağlı baş verən partlayış fonunda yalnız texniki və təhlükəsizlik məsələləri deyil, eyni zamanda tibb işçilərinə yönələn ittihamlar və ictimai reaksiyalar da müzakirə predmetinə çevrilib.
Hadisənin ilk anlarından etibarən sosial mediada və müxtəlif platformalarda həkimlərin fəaliyyəti ilə bağlı səsləndirilən iddialar cəmiyyətdə əlavə gərginlik yaradıb, məsələni daha da həssas müstəviyə daşıyıb.
Mövcud vəziyyət göstərir ki, belə hallarda emosional yanaşmalarla yanaşı, obyektiv və peşəkar araşdırmaların aparılması xüsusi əhəmiyyət kəsb edir.
Psixoloqlar bildirir ki, böhran anlarında günahkar axtarışı çox zaman ictimai emosiyaların təsiri ilə formalaşır və bu, səhiyyə işçilərinə qarşı mənfi münasibətin artmasına səbəb ola bilər.
Onkoloqlar isə vurğulayır ki, əsas diqqət hadisənin səbəblərinin dəqiq müəyyənləşdirilməsinə və gələcəkdə bu kimi risklərin qarşısının alınmasına yönəlməlidir. Bu baxımdan məsələ həm sosial, həm də peşəkar etik çərçivədə dərin təhlil tələb edir.
Məsələ ilə bağlı tibb üzrə fəlsəfə doktoru, həkim onkoloq Fərid Museyibov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"İlk növbədə qeyd etmək istərdim ki, ümumiyyətlə, insanlar bütün peşələri öz seçimləri ilə müəyyənləşdirirlər. Lakin iki peşə var ki, sanki insana ilahi bir vergi kimi bəxş olunur: bunlardan biri hakimlik, digəri isə həkimlikdir.
Həkim olmaq təkcə insanın istəyi ilə bağlı deyil; bu, eyni zamanda Allah tərəfindən verilən bir məsuliyyət və nemətdir. Ən vacibi isə odur ki, Allah həkimin əllərinə şəfa versin ki, o, həqiqətən də insanlara faydalı ola bilsin.
Təbii ki, tibb sahəsi özü-özlüyündə çox ağırdır. Xüsusilə, onkologiya sahəsi daha böyük çətinliklər və məsuliyyət tələb edir. Ümumilikdə həkim işləmək asan deyil, lakin onkologiya sahəsində fəaliyyət göstərmək ən çətin istiqamətlərdən biridir. Çünki bu sahədə müalicə alan xəstələr son dərəcə həssas olur.
Xüsusilə qeyd etmək lazımdır ki, mərhum həmkarımız Asif Nəsirlinin seçdiyi istiqamət – uşaq onkologiyası – bu sahənin ən ağır və məsuliyyətli qoludur. Ümumiyyətlə, uşaqlarla işləmək özü çətin bir missiyadır. Uşaq onkologiyası isə bu çətinliyi ikiqat artırır. Hər kəs bu sahədə çalışa bilmir. Çünki uşaqlar cəmiyyət üçün ən həssas və dəyərli varlıqlardır.
Təsəvvür edin ki, qarşınızda bir uşaq xəstə dayanır və siz ona şüa terapiyası və ya kimyaterapiya təyin edirsiniz. Bu, həm peşəkar, həm də mənəvi baxımdan son dərəcə ağır bir yükdür. Bu səbəbdən belə xəstələrlə işləmək yalnız bilik deyil, həm də böyük səbir, diqqət və insanlıq tələb edir.
Onkoloji xəstələr ümumiyyətlə çox həssas olurlar. Onlarla işləmək xüsusi yanaşma tələb edir. Elə hallar olur ki, xəstə gecə saatlarında belə həkimə müraciət edir. Məsələn, televiziyada hansısa bir ölüm xəbərini eşitdikdə dərhal özünü həmin vəziyyətlə müqayisə edir və narahatlıq keçirir. Bu isə həkimin üzərinə əlavə psixoloji yük qoyur.
Asif Nəsirli Azərbaycanda nadir mütəxəssislərdən biri – bəlkə də yeganə uşaq radioloqudur. Onun yoxluğu minlərlə uşağın taleyinə təsir göstərə bilər. Çünki belə mütəxəssislərin yetişməsi çox uzun illər tələb edir. Bu, sadəcə 7-10 ilin deyil, ən azı 20-30 ilin zəhmətinin nəticəsidir.
Bu baxımdan həkimlərimizi qorumalıyıq. Həkimlik peşəsi həqiqətən də çox ağır, məsuliyyətli və şərəfli bir peşədir. Cəmiyyət olaraq həkimlərə qarşı daha diqqətli və anlayışlı olmalıyıq, xüsusilə də onkologiya sahəsində çalışanlara. Çünki hər həkim bu sahədə fəaliyyət göstərə bilmir. Bu, böyük ürək, səbir və fədakarlıq tələb edən bir peşədir".
Psixoloq Minarə Səbzəliyeva isə ümumiyyətlə, baş vermiş bu hadisəni yalnız psixoloji problem kimi izah etməyin düzgün olmadığını bildirib:

"Çünki biz həmin şəxsi klinik olaraq qiymətləndirməmişik və onun psixoloji-emosional vəziyyəti barədə dəqiq, əsaslı məlumata malik deyilik. Bu səbəbdən konkret diaqnoz və ya qəti fikir bildirmək peşəkar yanaşma hesab olunmaz.
Lakin ümumi yanaşma baxımından qeyd edə bilərik ki, belə hallarda şəxsdə paranoid və ya təhrif olunmuş düşüncə formaları mövcud ola bilər.
Məsələn, şəxs həkimlərin ona qəsdən zərər verdiyini düşünə, müalicəyə qarşı güclü inamsızlıq inkişaf etdirə bilər. Bu zaman reallığın qavranılması pozulur, həkim artıq düşmən obrazında qəbul edilir və nəticədə aqressiv davranış, hətta hücum halları baş verə bilər.
Eyni zamanda, xəstəlik dövründə yaşanan ədalətsizlik hissi, nəzarət ehtiyacı və gücsüzlük duyğusu da bu cür davranışlara zəmin yarada bilər. Belə vəziyyətlərdə emosional tənzimləmənin zəifliyi, əvvəlcədən mövcud psixoloji problemlər və impulsivlik açıq şəkildə özünü göstərir.
Vacib məqamlardan biri də odur ki, bu tip hadisələr adətən birdən-birə baş vermir. Çox güman ki, həmin şəxsdə əvvəlcədən müəyyən risk siqnalları mövcud olub.
Bununla belə, bu cür davranışları romantikləşdirmək və ya haqlı göstərmək qətiyyən yolverilməzdir. Heç bir halda zorakılıq və qeyri-sağlam davranışlar qəbul edilə bilməz.
Digər tərəfdən, cəmiyyətimizdə aqressiyanın artması müşahidə olunur. Bu isə müxtəlif dövrlərdə və mühitlərdə dəyişən stres faktorları ilə yanaşı, insanların streslə mübarizə bacarıqlarının yetərli səviyyədə olmaması ilə də bağlıdır. Əsas məsələ stresin mövcudluğu deyil, onunla necə mübarizə aparıldığını bilməməkdir.
Psixoloji baxımdan insan davranışları üç əsas komponentlə izah olunur: duyğu, düşüncə və davranış. Bundan əlavə, somatizasiya — yəni psixoloji gərginliyin bədəndə fiziki əlamətlər şəklində təzahürü də mühüm rol oynayır.
Məsələn, insan qəzəb hissi keçirirsə, bu hissin hansı düşüncədən qaynaqlandığını və hansı davranışa səbəb olduğunu analiz etməlidir. Bu davranışın sağlam və ya qeyri-sağlam olması da məhz bu əlaqədən asılıdır.
Bu baxımdan, hər bir fərd öz emosiyalarını tanımalı, onların yaranma səbəblərini anlamalı və düşüncə xətalarını ayırd etməyi bacarmalıdır. Sağlam və qeyri-sağlam emosiyaları fərqləndirmək də vacibdir. Qısa müddətli sağlam neqativ emosiyalar inkişaf üçün faydalı ola bilər, lakin uzunmüddətli və qeyri-sağlam emosiyalar psixoloji problemlərə gətirib çıxarır.
Eyni zamanda, unutmaq olmaz ki, bir çox hallarda fiziki problemlərin belə psixoloji səbəbləri ola bilər. Bu da psixoloji sağlamlığın nə qədər önəmli olduğunu bir daha göstərir.
İnsan münasibətlərindən tutmuş iş fəaliyyətinə, öyrənmə qabiliyyətinə qədər bütün sahələrdə psixikanın rolu danılmazdır.
Bu səbəbdən, insanlara tövsiyə olunur ki, yalnız problem yarandıqda deyil, ümumiyyətlə özünü tanımaq və inkişaf etdirmək məqsədilə də psixoloqa müraciət etsinlər. Lakin burada çox vacib bir məqam var: müraciət edilən mütəxəssisin peşəkar, təhsilli və müvafiq təlimlərdən keçmiş olmasıdır. Qeyri-peşəkar şəxslərə müraciət etmək fayda verməklə yanaşı, zərər də verə bilər.
Peşəkar psixoloq fərdin özünü tanımasına, emosiyalarını idarə etməsinə, düşüncə sistemini anlamağa və sağlam davranış modelləri formalaşdırmağa kömək edir. Çünki bütün davranışların əsasında düşüncələr dayanır.
Bu gün cəmiyyətdə elə insanlar var ki, intellektual səviyyələri yüksək olsa da, emosional intellekt baxımından ciddi çətinliklər yaşayırlar. Bu isə onların münasibətlərində, qərarvermə prosesində və ümumi həyat keyfiyyətində problemlər yaradır.
Emosiyaların idarə olunması, impulsivliyin tənzimlənməsi və sağlam ünsiyyət bacarıqları bu baxımdan xüsusi əhəmiyyət daşıyır".
11:50 05.05.2026
Oxunuş sayı: 55