İntellektual Gənclərin İnkişaf Düşərgəsi uğurla yekunlaşdı
Aprelin 30-dan mayın 3-dək Qusar Olimpiya İdman Kompleksi ərazisində “Memarlıq və Şəhərsalma İli”nə həsr olunmuş “İntellektual Gənclərin İnkişaf Düşərgəsi – 2” layihəsi uğurla həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Dövlət İqtisad Universiteti-nin Zaqatala filialının dəstəyi ilə, Xəzər İntellektual Gənclər Klubu və Consensus Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Təşkilatçıların verdiyi məlumata əsasən, layihənin əsas məqsədi gənclərin intellektual potensialının inkişaf etdirilməsi, onların analitik düşünmə və qərarvermə bacarıqlarının gücləndirilməsi, komanda işi vərdişlərinin formalaşdırılması, eləcə də “Memarlıq və Şəhərsalma İli” çərçivəsində bu sahəyə dair biliklərinin artırılması olub.
Dörd gün davam edən proqram çərçivəsində gənclər üçün zəngin və çoxşaxəli fəaliyyətlər təşkil olunub. Təlim və panel müzakirələr “Media savadlılığı və PR”, “İntellektual komanda quruculuğu”, “Həvəskar müəlliflikdən peşəkarlığa”, “Mənim intellekt layihəm” və “İntellektual gələcək – sərhədsiz təhsil, məsuliyyətli idarəçi” kimi aktual mövzuları əhatə edib. Bu sessiyalar iştirakçıların yalnız nəzəri biliklərinin artırılmasına deyil, həm də praktiki bacarıqlarının inkişafına yönəlib.
İnteraktiv formatda təşkil olunan təlimlər zamanı iştirakçılar müzakirələrdə fəal iştirak edib, qrup işləri vasitəsilə real problemlərin həlli istiqamətində ideyalar irəli sürüblər. Xüsusilə “Mənim intellekt layihəm” mövzusu çərçivəsində gənclər tərəfindən müxtəlif innovativ layihə konsepsiyaları hazırlanaraq təqdim edilib. Bu təqdimatlar onların yaradıcı düşünmə və layihə hazırlama bacarıqlarını nümayiş etdirməsinə imkan yaradıb.
Layihə çərçivəsində mentor dəstəyi xüsusi yer tutub. Təcrübəli mütəxəssislərin rəhbərliyi ilə iştirakçılar intellektual sualların hazırlanması, oyun strategiyalarının qurulması və komanda daxilində effektiv əməkdaşlığın təşkili istiqamətində praktiki biliklər əldə ediblər. Bu yanaşma düşərgənin öyrədici və tətbiqyönümlü xarakterini daha da gücləndirib.
Düşərgə proqramında iştirakçıların asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılıb. Müxtəlif komanda oyunları, əyləncəli fəaliyyətlər və intellektual yarışlar gənclərin həm istirahət etməsinə, həm də qeyri-formal mühitdə ünsiyyət qurmasına şərait yaradıb. “Breyn Rinq”, “Xəzərin Sahilində quiz” və “Nə? Harada? Nə zaman?” formatında təşkil olunan yarışlar isə iştirakçılar arasında yüksək maraqla qarşılanıb və rəqabət mühitini daha da gücləndirib.
Düşərgənin son günü xüsusi dinamika və birlik ab-havası ilə yadda qalıb. Komandalar hazırladıqları intellektual layihələri təqdim edərək həm biliklərini, həm də əldə etdikləri bacarıqları nümayiş etdiriblər. Təqdimatların ardından layihənin rəsmi bağlanış mərasimi keçirilib və iştirakçılara düşərgə ərzində göstərdikləri fəallığa görə təşəkkür edilib.
Layihənin yekun nəticələrinə əsasən Gəncə komandası I yerə layiq görülüb. Müfaviq olaraq ikinci və üçüncü yerlərə Bakı komandası və Mingəçevir komandaları layiq görülüb. Qaliblər müvafiq mükafat və hədiyyələrlə təltif olunublar. Bununla yanaşı, düşərgədə iştirak edən bütün gənclərə sertifikatlar təqdim edilib.
Ümumilikdə, “İntellektual Gənclərin İnkişaf Düşərgəsi – 2” layihəsi gənclərin intellektual inkişafına töhfə verən, onların sosial və liderlik bacarıqlarını gücləndirən, yaradıcı potensiallarını üzə çıxaran və gələcək fəaliyyətləri üçün möhkəm zəmin yaradan uğurlu təşəbbüs kimi dəyərləndirilir. Layihə həmçinin ölkədə intellektual hərəkatın inkişafına dəstək olmaqla yanaşı, gənclər arasında bilik və əməkdaşlıq mühitinin daha da genişlənməsinə xidmət edir.
Həmçinin qeyd edək ki, bu il ana dilli intellektual hərəkatın 25 illik yubiley ilidir və təşkil edilən bütün silsilə tədbirlər məhz buna həsr edilir.
18:31 04.05.2026
Oxunuş sayı: 33