4 min itkin - cavabsız suallar sülhə kölgə salır
Azərbaycan Respublikasının Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, itkin düşmüş 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi ilə bağlı Ermənistana dəfələrlə müraciət edilsə də, bu günə qədər rəsmi və dolğun cavab verilməyib.
Bu isə münaqişənin humanitar ölçüsünün hələ də açıq qaldığını göstərir.
Ermənistanın bu məsələdə susqunluğu müxtəlif suallar doğurur: bu, məlumatların gizlədilməsi ilə bağlıdır, yoxsa siyasi alət kimi istifadə olunur?
Digər tərəfdən, itkin düşənlərin taleyinə aydınlıq gətirilməməsi yalnız humanitar problem deyil, həm də tərəflər arasında etimad mühitinə ciddi zərbə vurur.
Bu vəziyyət sülh prosesinə də təsirsiz ötüşmür. Çünki itkin düşmüş şəxslərin aqibətinin müəyyən olunması həm beynəlxalq hüququn, həm də vicdani məsuliyyətin tələbidir.
Bu istiqamətdə irəliləyiş olmadan davamlı və dayanıqlı sülhdən danışmaq nə dərəcədə realdır?
Ermənistanın bu məsələyə yanaşması regionda normallaşma prosesini ləngidə bilərmi? Bu suallar hazırda ən çox müzakirə olunan mövzulardandır.
Mövzu ilə bağlı Crossmedia.az araşdırma aparıb:
Milli Məclisin deputatı Tural Gəncəliyev:

“Məlumdur ki, Ermənistan-Azərbaycan münaqişəsi başa çatsa da, münaqişənin ən ağrılı həm psixoloji, həm də beynəlxalq humanitar hüquq baxımından minlərlə itkin düşmüş azərbaycanlı vətəndaşın taleyinin hələ də qeyri-müəyyən olaraq qalmasıdır.
Onlar haqqında məlumatların tam müəyyən olunmaması bu gün də ciddi problem olaraq qalır.
Təəssüflər olsun ki, Ermənistan bu günə qədər həmin şəxslərin – itkin düşmüş azərbaycanlı vətəndaşların taleyi haqqında tam, dolğun və əhatəli məlumat təqdim etməmişdir.
Yalnız Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən axtarış və qazıntı işləri zamanı kütləvi məzarlıqlar aşkar edilir. Bu məzarlıqlar münaqişə dövründə, yaxın keçmişimizdə törədilmiş ağır müharibə cinayətlərinin və vəhşiliyin açıq göstəricisidir.
Bununla bağlı, həm humanitar, həm beynəlxalq hüquq, həm də psixoloji baxımdan itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməməsi son dərəcə ağır bir bəla, böyük bir faciədir.
Bu məsələdə beynəlxalq təşkilatların, xüsusilə də bu sahə ilə daim məşğul olmalı olan qurumların mövqeyi diqqət çəkir.
Məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsi Cenevrə Konvensiyalarından irəli gələn öhdəliklər çərçivəsində insan hüquqları və humanitar dəyərlərdən danışsa da, təəssüf ki, itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı kifayət qədər açıq mövqe sərgiləmir. Beynəlxalq təşkilatların bu susqunluğu təəccüb doğurur”.
Deputat əlavə edib ki, eyni zamanda, bu vəziyyət Ermənistanın üzərinə düşən məsuliyyəti azaltmır: “Təəssüflər olsun ki, Ermənistan hələ də açıq şəkildə məlumat verməmişdir ki, itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi necə olmuşdur. Bu isə psixoloji baxımdan həmin şəxslərin ailələri üçün son dərəcə ağır nəticələr doğurur.
Burada biz “ambiguous loss” – yəni qeyri-müəyyən itki fenomeninin şahidi oluruq. İtkin düşmüş şəxslərin ailə üzvləri, yaxınları və qohumları ömür boyu bu qeyri-müəyyənlik hissi ilə yaşamağa məcbur qalır və bu, dərin psixoloji travmalara səbəb olur.
Təbii ki, ölüm ağırdır, ölüm xəbərini almaq ağırdır. Lakin itkin düşmüş bir insanın taleyi haqqında heç bir məlumat əldə etməmək, onun yaşayıb-yaşamadığını bilməmək daha ağır bir psixoloji yükdür.
Bu, insan üçün davamlı bir iztirab, bir növ psixoloji işgəncədir. Ona görə də, həm beynəlxalq humanitar təşkilatlar, həm Ermənistan dövləti, həm də ümumiyyətlə vicdanlı olan, insanlığa hörmət edən hər bir şəxs bu gün bu məsələyə həssas yanaşmalı, minlərlə itkin düşmüş Azərbaycan vətəndaşı ilə bağlı öz səsini qaldırmalıdır”.
Politoloq Elşad Həsənov:

“Azərbaycanla Ermənistan arasında baş vermiş münaqişələr zamanı – xüsusilə, I Qarabağ müharibəsində 3996 nəfər, II Qarabağ müharibəsindən də 9 nəfər ümumilikdə təxminən 4005 nəfər hazırda itkin düşmüş hesab olunur və onların taleyi hələ də məlum deyil.
Bu məsələ ilə bağlı Azərbaycan tərəfi, o cümlədən Prezidentin köməkçisi Hikmət Hacıyev tərəfindən dəfələrlə bəyanatlar verilib, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müraciətlər ünvanlanıb. Lakin təəssüf ki, hələ də yekun nəticə əldə olunmayıb.
Hesab olunur ki, I Qarabağ müharibəsində itkin düşənlərin böyük əksəriyyəti qətlə yetirilib. Onların dəfn olunduğu yerlər isə uzun müddət gizli saxlanılıb və bu günə qədər tam şəkildə açıqlanmayıb. Bununla belə, bu istiqamətdə ciddi işlər aparılır”.
Politoloq əlavə edib ki, Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyası tərəfindən geniş araşdırmalar həyata keçirilir:
“Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkar olunması prosesi sürətlənib. Tapılan qalıqlar laborator şəraitdə, müasir analiz üsulları ilə identifikasiya olunur və şəhidlər doğma torpaqlarında dəfn edilirlər. Bu isə uzunmüddətli və olduqca həssas bir prosesdir.
Digər tərəfdən, Ermənistan bu məsələlərlə bağlı hələ də konkret və dolğun məlumat təqdim etmir. Əsir düşmüş şəxslərin sayı və taleyi ilə bağlı da aydınlıq yoxdur. Azərbaycan tərəfi isə bildirir ki, ölkə ərazisində Ermənistan tərəfinə məxsus hərbi əsirlər yoxdur; yalnız hərbi cinayətlər törətmiş şəxslər saxlanılır və onlar beynəlxalq hüquqa uyğun şəkildə məsuliyyətə cəlb edilirlər.
Son dövrlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müəyyən addımlar atılır. Xüsusilə, ABŞ-da prezident Donald Tramp dövründə qəbul edilən bəyanatlar və tərəflər arasında sülh sazişinin paraflanması bu prosesə təkan verib.
Eyni zamanda, regionda yeni iqtisadi və nəqliyyat əlaqələrinin qurulması istiqamətində təşəbbüslər irəli sürülür. Bununla yanaşı, Ermənistanda daxili siyasi proseslər, o cümlədən parlament seçkilərinə hazırlıq gedir və bəzi xarici qüvvələrin, xüsusilə Rusiya tərəfindən regionda təsir imkanlarını artırmaq cəhdləri müşahidə olunur.
Bu isə Cənubi Qafqazda sabitliyə müəyyən risklər yaradır. Bütün bunları nəzərə alaraq, Azərbaycan tərəfi regionda davamlı və dayanıqlı sülhün təmin olunması üçün səylərini davam etdirir. Qardaş ölkələrlə strateji müttəfiqlik çərçivəsində addımlar atılır və gələcəkdə münasibətlərin tam normallaşacağı təqdirdə itkin düşmüş vətəndaşların taleyinə tam aydınlıq gətiriləcəyi gözlənilir”.
Ayhan
15:06 02.05.2026
Oxunuş sayı: 77