Azərbaycan və Pakistan arasında təhsil sahəsində əməkdaşlıq genişlənə bilər - MÜSAHİBƏ
Tarixin dərinliklərindən gələn ortaq mənəvi dəyərlər, sarsılmaz dostluq və qardaşlıq bağları Pakistan və Azərbaycan arasındakı münasibətlərin sarsılmaz təməlini təşkil edir. Lakin müasir dünyada bu əlaqələrin daha da dərinləşməsi və gələcək nəsillərə ötürülməsi üçün ən güclü körpü-akademik mübadilə və elm yoludur. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də bir millətin ruhunu, tarixini və mədəniyyətini daşıyan müqəddəs bir xəzinədir. Bu mənada, Urdu dili və ədəbiyyatı vasitəsilə qurulan elmi əməkdaşlıq, iki qardaş xalqın qəlbini bir-birinə daha da yaxınlaşdıracaq strateji bir addımdır. Mövzu ilə bağlı Pəncab Universitetinin Şərqşünaslıq Kollecinin Urdu Dili və Ədəbiyyatı İnstitutunun indiki, Pakistan İqbal Akademiyasının keçmiş direktoru Dr. Bəsirə Əmrin (Dr. Baseera Ambreen) Crossmedia.az-ın suallarını cavablandırıb.
- Azərbaycan və Pakistan arasında akademik mübadilə münasibətləri gücləndirməkdə hansı rolu oynayır?
- Hesab edirəm ki, qarşılıqlı akademik mübadilə iki ölkə arasında ikitərəfli xoşməramlı əlaqələr üçün yol açır. Urdu ədəbiyyatı və tərcümələri iki ölkə arasında münasibətlərin möhkəmlənməsi istiqamətində ilk addımdır. Təhsil və ədəbiyyat sahəsində alimlərin, yazıçıların qarşılıqlı mübadiləsi iki dövlət arasında ortaq bağların qurulması üçün fundamental əhəmiyyət kəsb edir. Nəticə etibarilə, universitetlər bu səylərin önündə dayanır. Oranın bir müəllimi kimi mən xüsusilə Urdu Dili və Ədəbiyyatı İnstitutunun və onun bu işlərin irəliləməsindəki misilsiz rolundan danışa bilərəm. Dil həm mədəniyyəti, həm də tarixi özündə daşıyan təkzibolunmaz bir vasitə olduğundan, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün ideal bir yoldur.
Pakistan və Azərbaycanın artıq İslam irsi və ədəbi təzahürlərdən ibarət müştərək bir xəzinəyə sahib olduğu danılmazdır. İnanıram ki, hər iki ölkə ədəbi sahədə şübhəsiz əməkdaşlıq edə bilər. Ədəbi ənənələr, xüsusən də poetik və fəlsəfi sferalar mahiyyət etibarilə bir-birinə çox bənzəyir.
Hər iki ölkənin milli şairləri (Məhəmməd İqbal və Nizami Gəncəvi) ətrafında konfranslar və kafedralar təşkil edilə bilər. Həm Pakistan, həm də Azərbaycandan olan tədqiqatçılar müştərək ənənələr üzərində araşdırmalar apara bilərlər. Mənim institutun seminar, konfrans və vebinarlara ev sahibliyi etməkdən məmnun olar və biz Azərbaycan qurumlarından da eyni addımları gözləyirik. Əvvəllər ölkəmizlə Türkiyə, Yaponiya, İran, Amerika və Hindistan və s. arasında oxşar təşəbbüslər həyata keçirilib.
Pəncab Universitetindəki institutumuz və Bakı Dövlət Universitetinin Urdu şöbəsi qarşılıqlı anlaşma memorandumları (MOU) vasitəsilə tərcümə layihələrini birgə icra edə bilər. Bu vəzifədən əvvəl mən İqbalın əsərlərini iki dilə tərcümə etmək üçün Banqladeş Ali Komissarlığı ilə birgə nəşriyyat layihəsinə başlamışdım.

- Gəncləri Pakistanda və digər Şərq ölkələrində təhsil almağa həvəsləndirmək üçün hansı addımlar atıla bilər?
- Azərbaycanlı tələbələri Pakistan və digər Şərq ölkələrinə cəlb etməyin yollarından biri akademik mübadilə səylərini inkişaf etdirməkdir. Bu səylər yerli bazadan başlaya bilər. Məsələn, rəqəmsal təbliğat bu məsələdə mühüm rol oynayır. Tələbələri Pakistandakı mübadilə proqramlarına cəlb etmək üçün onlayn vebinarlar, tanışlıq proqramları və seminarlar təşkil edilə bilər. Bakı Dövlət Universitetinin kitabxanası, həmçinin Pakistan ədəbiyyatının geniş kolleksiyasını nümayiş etdirən "İqbal" və ya "Pakistan" guşələri yarada bilər. Bundan əlavə, Pakistanın mühüm dilləri və şəxsiyyətləri haqqında sənədli filmlər BDU tələbələrinə nümayiş etdirilə bilər.
- Rəhbərlik etdiyiniz Şərqşünaslıq Kolleci (Oriental College) iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafında hansı rolu oynayır və ya oynamağı planlaşdırır?
- Mən Şərqşünaslıq Kollecinin Dil və Ədəbiyyat İnstitutunun direktoruyum. Burada biz urdu dili üzrə 2-3 aylıq kurslar təklif edirik. Beynəlxalq tələbələr üçün sertifikat, diplom və təkmil diplom seçimləri də mövcuddur. Beynəlxalq tələbələrə yataqxana və yaşayış məsələlərində üstünlük verilir. Tələbələrin Pakistana səfərləri akademik dairələrdə yeni imkanlar yaradacaq. Onlar, həmçinin pakistanlılara Azərbaycan dilini tədris etmək üçün xoş gəlmişlər. İnstitutumuz Bakı Dövlət Universitetinin urdu dili professorları üçün maraqlı ola biləcək postdoktorantura imkanları da təklif edir. Biz onlara urdu dili ilə bağlı kitabların, sillabusların və dərsliklərin hazırlanmasında kömək etməkdən məmnun olarıq. Bu, gələcəkdə ikidilli kitablar formasını ala bilər. İki ölkə arasında elmi mübadilə də təşkil edilə bilər. Pakistanlı professorlar da qısamüddətli mübadilə dövrləri üçün Azərbaycanı ziyarət edə bilərlər.
- Şərqşünaslıq Kolleci azərbaycanlı gənclərin Pakistanda təhsil almasına şərait yaratmaq üçün təşəbbüslər göstərə bilərmi? Belə bir planınız varmı?
- Mütləq! Azərbaycanlı tələbələr və müəllim heyəti ölkəmizə gəlməyə dəvətlidirlər. Xüsusilə Dil İnstitutumuzda yay tətillərində qısa kurslar keçiririk. Keçmişdə biz Yaponiya və Türkiyədən 20-25 nəfərlik tələbə qruplarını 3-4 həftəlik qonaq etmişik. Biz onlara nəinki dil kursları təklif etdik, həm də onları Pakistanın mədəni ənənələri ilə tanış etdik. Pəncab Universiteti tələbələri yaşayış yeri ilə təmin etməyə çox həvəsli idi. Bu təcrübə gələcəkdə azərbaycanlı gənclərə də şamil edilə bilər.
- Sizin müxtəlif kitablarınız və elmi əsərləriniz nəşr olunub. Sizcə, onlardan hansıları Azərbaycanın təhsil sistemində tədris vəsaiti kimi istifadə edilə bilər?
- Daha əvvəl qeyd etdiyim kimi, mən urdu dili sahəsində təcrübəyə malikəm və buna görə də institutumuzun fəxri professoru Dr. Xoca Məhəmməd Zəkəriyyənin yazdığı “Yeni başlayanlar üçün urdu dili” (Urdu for the Beginners) kitabının çox faydalı olacağını təklif edirəm. Mənim öz kitablarım Məhəmməd İqbal, Mirzə Qalib və digər klassik şairlər, klassik bədii ədəbiyyat və poeziya haqqındadır. Bunlar bir tədqiqat fəaliyyəti olaraq Bakı Dövlət Universitetinin Urdu şöbəsinin tələbələri tərəfindən Azərbaycan dilinə tərcümə edilə bilər. Eyni zamanda, tələbələriniz üçün köməkçi kitablar da tərəfimizdən yazıla bilər. Biz urdu dili və ədəbiyyatı ilə bağlı sillabuslarınızı (tədris proqramlarınızı) tərtib edə bilərik. Mən bu cür cəhdlərə vasitəçilik etməkdən və dəstək olmaqdan məmnun olaram. Bu yaxınlarda mən Banqladeşin 5 fərqli universitetində Məhəmməd İqbal haqqında mühazirələr oxudum. Bu mühazirələrdən sonra memorandumlar imzalandı və seminarlar keçirildi. Əgər Azərbaycan da Banqladeş kimi məni qonaq edərsə mən də eyni dərəcədə qarşılıqlı əməkdaşlıq səylərini irəli aparmaqdan məmnun olaram.
Turqut Ansari
19:35 29.04.2026
Oxunuş sayı: 178