Ağ Evin “qanlı kreslosu”: Hakimiyyətə gələnləri kim və niyə öldürmək istəyir?
Aprelin 25-də Ağ Ev müxbirlərinin şam yeməyində ABŞ prezidenti Donald Tramp və həyat yoldaşı Meloniya Trampın da qatıldığı şam yeməyində silahlı hücum cəhdi baş verib. Bundan sonra beyəlxalq mediada Ağ Ev liderlərinə qarşı sui – qəsd cəhdləri geniş müzakirə olunmağa başlayıb.
Türkiyənin “Haber Global” telekanalının saytında dərc olunan “Ağ Evdəki qanlı stul: 4 prezidentə sui-qəsd edilib” sərlövhəli məqalədə bu barədə yazılıb: “Ağ Ev və ABŞ Gizli Xidmətinin açıqlamalarına görə, hadisə zamanı təhlükəsizlik protokolları işə salınıb və hücumçu tez bir zamanda zərərsizləşdirilib. Şübhəli saxlanılaraq ABŞ prezidentlərinə qarşı sui-qəsd və sui-qəsd cəhdlərinin tarixi işıqlandırılıb. Dörd ABŞ prezidentinə sui-qəsd edilib, daha dördü isə sui-qəsd cəhdlərindən sağ çıxıb. ABŞ Konqresindən və müstəqil təşkilatlardan alınan məlumatlara görə, Mərkəzi Kəşfiyyat İdarəsi(MKİ) və Federal Təhqiqatlar Bürosu(FTB) bu sui-qəsdlər və ya hərəkətlərlə bağlı məlumatların çoxunu ictimaiyyətlə bölüşmədən qapalı qapılar arxasında saxlayır.
Dörd ABŞ prezidenti vəzifədə olarkən sui-qəsd edilib: 16-cı prezident Avraam Linkoln aprelin 14-ü 1865-ci ildə Vaşinqtondakı Ford Teatrında Con Uilks But tərəfindən güllələnərək öldürülüb. But tutulub edam edilib. 20-ci prezident Ceyms A. Qarfild iyulun 2-i 1881-ci ildə Çarlz C. Qito tərəfindən güllələnib və sentyabrın 19-u 1881-ci ildə vəfat etdi. Qito da tutularaq edam edilib. 25-ci prezident Uilyam Makkinli sentyabrın 6-ı 1901-ci ildə anarxist fəal Leon Çolqoş tərəfindən güllələnib. Makkinli səkkiz gün sonra vəfat edib. Çolqoş edam edilib. 35-ci prezident Con F. Kennedi noyabrın 22-i 1963-cü ildə Dallasda Li Harvi Osvald tərəfindən güllələnərək öldürülüb. Osvald mühakimə olunmazdan əvvəl Cek Rubi tərəfindən öldürülüb. ABŞ mətbuatı və Konqresin təzyiqinə baxmayaraq, sui-qəsdlə bağlı gizli sənədlərin əksəriyyəti ictimaiyyətə açıqlanmamış qalır”.

Qeyd olunub ki, ABŞ tarixində ən təəccüblü sui-qəsd cəhdlərindən biri mart 30-u 1981-ci ildə Ronald Reyqana qarşı baş vermişdi: “Con Hinkli tərəfindən güllələnən Reyqan ağır yaralandı, lakin sağ qalıb. Hinkli ruhi xəstəlik səbəbindən uzun müddət psixiatrik nəzarət altında saxlanılıb. 1912-ci ildə o vaxtkı prezident Teodor Ruzvelt seçki kampaniyası zamanı güllələnib, lakin aldığı xəsarətlərə baxmayaraq danışmağa davam etdi. Hücumçu Con Şrank həbs edilib.
1975-ci ildə keçmiş prezident Gerald Forda qarşı iki ayrı sui-qəsd cəhdi olub. Hücumçular Linet Fromm və Sara Ceyn Mur tutularaq həbs cəzasına məhkum edildilər. Prezident Endryu Ceksona qarşı 1835-ci ildə baş verən sui-qəsd cəhdi tarixdə ilk prezident sui-qəsdi cəhdi kimi qeydə alınıb. Cekson Riçard Lorensin silahları atəş aça bilmədiyi üçün hücumdan sağ çıxıb. ABŞ Gizli Xidməti və FTB-nin məlumatlarına görə, son illərdə prezidentlərə qarşı təhdidlər artıb. Donald Trampın 2024-cü il seçki kampaniyası zamanı təhlükəsizlik tədbirləri də artırılıb.

"Washington Post" qəzeti tərəfindən hazırlanan hərtərəfli təhlil göstərir ki, Amerika cəmiyyətində siyasi qütbləşmə və zorakılıq, eləcə də silahlara asanlıqla çıxış bu cür cəhdlərin arxasında duran əsas amillərdəndir. ABŞ Konqres hesabatlarına görə, prezidentlərə qarşı bəzi hücumlar fərdi motivasiyalarla izah olunsa da, bəzi hadisələrin arxa planı heç vaxt tam aydınlaşdırılmayıb. Konqres hesabatlarında həmçinin FTB və MKİ-nin bu sənədləri bağlı qapılar arxasında saxlamağa davam etdiyi vurğulanır. ABŞ Senatının Kəşfiyyat Komitəsi və müxtəlif müstəqil araşdırma hesabatları bəzi hadisələrin, xüsusən də Con Kennedinin sui-qəsdinin həll olunmamış qaldığını vurğulayır”.
06:40 29.04.2026
Oxunuş sayı: 47