“İnsan məna axtarışında” adlı forum keçirilib
“İnsan məna axtarışında” mövzusuna həsr olunan “Üzləşmə – II Forum” keçirilib. Forum çərçivəsində keçirilən çıxışlar iştirakçılar üçün sadəcə nəzəri müzakirələrlə məhdudlaşmadı, eyni zamanda insanın varoluş mahiyyətinə dair dərin və çoxşaxəli baxışları əhatə edən bir təlim mühiti formalaşdırdı. Badamdar qəsəbəsində yerləşən Avropa Azərbaycan məktəbində təşkil olunan tədbirdə çıxış edən mütəxəssislər mövzunu həm elmi, həm də fəlsəfi aspektdən geniş şəkildə izah etdilər.
Uzman psixoloq Cəmilə Rəhimli insanın həyatdakı məqsəd axtarışını psixoloji sağlamlıq kontekstində dəyərləndirərək, daxili boşluğun səbəbləri və onun aradan qaldırılması yollarından bəhs etdi. Klinik psixoloq Elyaz Bornak isə müasir dövrdə fərdin mənəvi böhran yaşamasının əsas səbəblərini izah edərək, insanın özünü tanıma prosesinin əhəmiyyətini vurğuladı.
Tədbirin ən diqqətçəkən çıxışlarından biri yazıçı-psixoloq Rövşən Abdullaoğluya məxsus oldu. O, “insan məna axtarışında” məsələsinə fəlsəfi prizma ilə yanaşaraq, bu axtarışın tarix boyu müxtəlif düşüncə sistemlərində fərqli şəkildə izah edildiyini qeyd etdi. Abdullaoğlu insanların məna axtarışı prosesində əsasən dörd istiqamətə bölündüyünü bildirdi: nihilistlər, obyektivistlər, absurdistlər və subyektivistlər. Onun sözlərinə görə, bu yanaşmalar insanın həyatdakı məqsədi necə qavramasından və varoluşa hansı prizma ilə baxmasından asılı olaraq formalaşır.
Forum çərçivəsində keçirilən bu təlim xarakterli çıxışlar iştirakçılara yalnız nəzəri bilik verməklə kifayətlənməyib, eyni zamanda onları öz daxili dünyaları ilə üzləşməyə, həyatın mənası ilə bağlı suallara fərdi şəkildə cavab axtarmağa təşviq edir. Mütəxəssislərin müxtəlif baxış bucaqları isə mövzunun nə qədər dərin və çoxqatlı olduğunu bir daha ortaya qoydu.
Həmçinin təlim çərçivəsində yazıçı Rövşən Abdullaoğlunun “Xəyalların sonundakı ev” romanı əsasında hazırlanmış tamaşa səhnələşdirilərək iştirakçılara təqdim olunub. Dərin psixoloji məqamları və insanın daxili dünyasını əks etdirən səhnə quruluşu tamaşaçılar tərəfindən xüsusi maraqla izlənilib. Tamaşa boyunca aktyor oyunu, emosional təsir gücü və əsərin ideya yükünün uğurla çatdırılması auditoriyada güclü təəssürat yaradıb və iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Ayhan
19:30 27.04.2026
Oxunuş sayı: 57