Haaqada soydaşımızın “Şərq və Qərb bir arada” fotosərgisi açılıb
Niderlandın Haaqa şəhərində yerləşən “Christus Triumfatorkerk” kilsəsində gənc fotoqraf Etibar Cəfərovun “Şərq və Qərb bir arada” adlı fotosərgisi nümayiş olunub. Sərgi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Niderland Azərbaycanlıları Koordinasiya Şurasının dəstəyi, Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin təşkilatçılığı ilə baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova sərginin ölkə hüdudlarından kənarda Azərbaycan mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını, həm qədim, həm də müasir irsimizin ahəngdar sintezini əks etdirdiyini söyləyib.
Azərbaycanın Niderlanddakı Səfirliyinin ikinci katibi Dilarə Abbasova ölkəmizin Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu, tolerantlıq ənənələri ilə seçilən və müxtəlif dini-mədəni dəyərləri bir arada yaşadan məkan olduğunu vurğulayıb. O, bu xüsusiyyətlərin sərginin ideya xəttində aydın şəkildə əks olunduğunu qeyd edib.
Niderland–Belçika Azərbaycanlıları Koordinasiya Şurasının sədri Elsevər Məmmədov sərginin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib. Nümayiş olunan işlərin yüksək peşəkarlıqla seçildiyini qeyd edərək, Etibar Cəfərova yaradıcılığında uğurlar arzulayıb.
Fotoqraf Etibar Cəfərov isə sərginin “Qərb və Şərq memarlığının vəhdəti” ideyasına əsaslandığını, Azərbaycanın zəngin memarlıq nümunələrində Şərq və Qərb üslublarının harmoniyasını fotolar vasitəsilə nümayiş etdirməyə çalışdığını diqqətə çatdırıb. O, həmçinin Avropada təşkil olunan sərgiləri və nəşr etdirdiyi kitabları barədə də məlumat verib.
Azərbaycanın füsunkar gözəlliyini, Bakının memarlıq incilərini və qədimlə müasirliyin ahəngdar vəhdətini əks etdirən fotosərgi ziyarətçilərdə böyük maraq doğurub, hər bir əsər heyranlıqla qarşılanıb.
20:35 24.04.2026
Oxunuş sayı: 46