Yasamal rayonunda oğlanlar arasında voleybol idman növü üzrə yarışa start verilib
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Yasamal Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə idman yarışları çərçivəsində oğlanlar arasında voleybol turnirinə start verilib.
23.04.2026-cı il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində baş tutan oğlanlar arasında voleybol turnirində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Bakı şəhər Gənclər və İdman idarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Dilarə Məmmədəliyeva, kollecin idman klubunun rəhbərliyi və yarış iştirakçıları iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
2 nömrəli Bakı Baza Tibb Kollecinin direkotu Dilarə Məmmədəliyeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək bildiriblər ki, Azərbaycanda müasir idman siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş uzaqgörən və məqsədyönlü strateji kursa söykənir. Məhz bu strateji yanaşma nəticəsində idman sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş, gənclərin həm fiziki, həm də mənəvi inkişafı üçün möhkəm zəmin formalaşdırılmışdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla və ardıcıl şəkildə davam etdirilir, ölkədə idmanın inkişafına xidmət edən yeni infrastruktur layihələri həyata keçirilir, beynəlxalq standartlara uyğun idman kompleksləri istifadəyə verilir və Azərbaycan idmançıları üçün geniş imkanlar yaradılır. Qeyd olunub ki, müxtəlif səviyyəli idman yarışlarının təşkili gənclər arasında idmanın kütləviliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər sağlam həyat tərzinin təşviqi ilə yanaşı, gənc nəslin zərərli vərdişlərdən uzaqlaşmasına, onların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə və cəmiyyət üçün faydalı vətəndaş kimi formalaşmasına ciddi töhfə verir. Bununla yanaşı vurğulanıb ki, həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində Azərbaycan beynəlxalq idman aləmində öz mövqeyini daha da möhkəmləndirir. Ölkəmiz nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi etməklə yanaşı, idmançılarımızın qazandığı yüksək nailiyyətlər sayəsində dünya idman ictimaiyyətində böyük nüfuz qazanır. Sonda çıxış edənlər yarış iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Oğlanlar arasında voleybol yarışı yüksək rəqabət şəraitində keçib. Qalib komandalar növbəti mərhələyə-final mərhələsinə yüksəlib. Qeyd edək ki, oğlanlar arasında voleybol idman yarışının final və mükafatlandırma mərasimi 24.04.2026-cı il tarixində baş tutacaq.
12:36 23.04.2026
Oxunuş sayı: 63