Luiza Qlük: Tənhalığın estetika zirvəsi
Müasir Amerika poeziyasının ən nüfuzlu simalarından biri olan Luiza Qlük ədəbiyyat tarixində özünəməxsus üslubu, dərin psixoloji yanaşması və poetik dəqiqliyi ilə seçilən müəlliflərdən biri kimi qəbul edilir. Onun yaradıcılığı fərdi təcrübələrin ümumbəşəri məna kəsb etməsi baxımından xüsusi əhəmiyyət daşıyır və bu xüsusiyyət ona beynəlxalq miqyasda geniş tanınma qazandırmışdır.
Luiza Qlük 1943-cü ildə Nyu-York şəhərində anadan olmuş, uşaqlıq və gənclik illərini Long Island bölgəsində keçirmişdir. O, ali təhsilini Sarah Lawrence Kolleci və Kolumbiya Universitetində almışdır. Ədəbi fəaliyyətə erkən yaşlardan başlayan Luiza Qlük qısa müddətdə Amerika poeziyasında özünəməxsus mövqe qazanmışdır. Onun yaradıcılığı əsasən insanın daxili dünyasına, tənhalıq hissinə, ailə münasibətlərinə, boşanma və ölüm kimi mövzulara fokuslanır. Bu baxımdan onun şeirləri həm fərdi, həm də sosial-psixoloji aspektləri özündə birləşdirir.
Tanınmış amerikalı şair Robert Hass Luiza Qlük haqqında danışarkən onu “müasir dövrdə yazan ən saf və ən yetkin lirik şairlərdən biri” kimi xarakterizə etmişdir. Onun poeziyası texniki dəqiqliyi, dilinin sadəliyi və emosional dərinliyi ilə seçilir. L. Qlük mürəkkəb hissləri sadə və aydın poetik formalar vasitəsilə ifadə etməyi bacaran nadir müəlliflərdən hesab olunur.
2020-ci ildə Luiza Qlük ədəbiyyat sahəsində ən yüksək mükafatlardan biri olan Nobel mükafatı ilə təltif edilmişdir. Nobel Komitəsi onun yaradıcılığını “fərdi mövcudluğu sərt və təmiz estetik gözəllik vasitəsilə ümumbəşəri səviyyəyə qaldıran təkrarolunmaz poetik səs” kimi qiymətləndirmişdir. Bu mükafat onun dünya ədəbiyyatındakı yerini daha da möhkəmləndirmişdir.
Luiza Qlük ümumilikdə 13 şeir kitabının müəllifidir. Onun ən məşhur əsərləri sırasında “Firstborn” (1968), “The House on Marshland” (1975), “The Triumph of Achilles” (1985), “Ararat” (1990) və Pulitzer mükafatına layiq görülmüş “The Wild Iris” (1992) xüsusi yer tutur. Bundan əlavə, “Faithful and Virtuous Night” (2014) kitabı Milli Kitab Mükafatını qazanmış, “Poems 1962–2012” (2013) isə Los Angeles Times Kitab Mükafatı ilə təltif edilmişdir. Onun “American Originality: Essays on Poetry” (2017) adlı esselər toplusu da ədəbi tənqid sahəsində əhəmiyyətli nümunələrdən hesab olunur.
Şairin erkən yaradıcılığında uğursuz sevgi münasibətləri, ailə daxilindəki gərginliklər və ekzistensial böhranlar əsas mövzular kimi çıxış edir. Sonrakı dövrlərdə isə o, insanın daxili “mən”i, özünüdərk prosesi və psixoloji ağrının müxtəlif formalarını daha dərin şəkildə araşdırmağa davam etmişdir. Ədəbi tənqidçilər onun yaradıcılığında lirikanın həm subyekt, həm də obyekt kimi təqdim olunmasını, eyni zamanda emosional materialın müəyyən məsafə ilə, yəni intellektual nəzarət altında işlənməsini xüsusi vurğulayırlar.
2003-cü ildə Luiza Qlük ABŞ-nin 12-ci rəsmi şairi – Poet Laureate adına layiq görülmüşdür. Həmin ildə o, Yale Universitetinin Gənc Şairlər Seriyasının münsifi təyin olunmuş və bu vəzifəni 2010-cu ilə qədər icra etmişdir. Onun “Proofs & Theories” (1994) adlı esselər kitabı isə qeyri-bədii ədəbiyyat üzrə PEN/Martha Albrand mükafatını qazanmışdır.
Yaradıcılığı boyunca Luiza Qlük bir sıra nüfuzlu mükafat və təltiflərə layiq görülmüşdür. Bunlar arasında Pulitzer və Bollingen mükafatları, Lannan Ədəbi Mükafatı, Sara Teasdale Memorial Mükafatı, Wallace Stevens Mükafatı, ABŞ Milli Humanitar Medal və Amerika İncəsənət və Ədəbiyyat Akademiyasının Qızıl Medalı xüsusi yer tutur. Bundan əlavə, o, Guggenheim və Rockefeller fondlarının, eləcə də ABŞ Milli İncəsənət Fondunun təqaüdləri ilə mükafatlandırılmışdır.
Luiza Qlük 2023-cü ildə vəfat etmişdir. Onun yaradıcılığı müasir poeziyada fərdi təcrübənin universal məna ilə əlaqələndirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilir və bu gün də geniş şəkildə tədqiq olunmaqda davam edir.
Nigar Yahyazadə
10:58 22.04.2026
Oxunuş sayı: 63