Bakı metrosunda 59 illik şəbəkə - köhnə sistemlər artıq siqnal verir
Müasir şəhər nəqliyyat sistemlərinin dayanıqlı və təhlükəsiz şəkildə fəaliyyət göstərməsi yalnız yeni infrastrukturun qurulması ilə deyil, mövcud şəbəkənin mütəmadi olaraq yenilənməsi və artan tələblərə uyğunlaşdırılması ilə mümkündür.
Xüsusilə, sürətli urbanizasiya, əhali sıxlığının artması və texnoloji inkişaf nəqliyyat sistemlərinə daha yüksək standartlar tətbiq etməyi zəruri edir.
Bu baxımdan, həm mövcud resursların səmərəli idarə olunması, həm də gələcək inkişaf istiqamətlərinin düzgün müəyyənləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Ötən gün Bakı Metropolitenində baş verən hadisə də buna misal olaraq göstərilə bilər. Bu hal bir daha bir çox məqamlara diqqət yetirilməli olduğunu göstərir.
Məsələ ilə bağlı nəqilliyyat üzrə ekspert Rauf Ağamirzəyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Artıq 59 illik bir dövr tamam olur və bu mərhələdə yalnız yeni xətlərin yaradılması deyil, eyni zamanda mövcud xətlərin elektrik təchizatı, rabitə və işarəvermə sistemləri də müasir dövrün tələblərinə uyğun şəkildə yenilənməlidir.
Bu istiqamətdə müəyyən planlar mövcuddur və hesab edirəm ki, baş verən bu kimi hallar ciddi şəkildə təhlil və təftiş olunmalıdır.
Xüsusilə, yeni xətlərin tikintisini nəzərdə tutan layihələr çərçivəsində qeyd olunan məsələlərə xüsusi diqqət yetirilməli, infrastruktur artan yüklənməyə və yeni güc tələblərinə uyğun şəkildə yenidən təşkil olunmalıdır. Məhz bu cür kompleks yanaşma gələcəkdə oxşar problemlərin qarşısının alınmasına imkan verə bilər.
Yeni tikinti layihələrində həm layihələndirmə həm də tikinti dövründə iqlim dəyişikliyini nəzərə almaq mütləqdir. Çünki bunun da yan fəsadları həm tikinti həm də sonrakı dövrlərdə özü təsirini göstərə bilər və düşünürəm ki, bu məqam öncədən layihələndirmə zamanı mövcud infrastruktura və yeni tikiliyə nəzərə alınmalıdır".
Elmir Heydərli
11:00 22.04.2026
Oxunuş sayı: 1133