Azərbaycanda doluya qarşı “atəş əməliyyatı” – unudulan sistem yenidən qayıdır
Bakıda ötən gün qeydə alınan qəfil dolu yağıntısı mövsümlə uyğun gəlmədiyi üçün diqqət çəkib. Adətən yaz aylarında daha çox yağış müşahidə olunsa da, apreldə dolunun düşməsi suallar doğurur. Havanın qısa müddətdə kəskin dəyişməsi və lokal atmosfer proseslərinin güclənməsi bu cür qeyri-adi yağıntıların baş verməsinə səbəb olur..Maraqlıdır, apreldə dolunun yağması hansı iqlim və meteoroloji amillərlə bağlıdır və bu hal son illərdə artan hava anomaliyalarının göstəricisi hesab oluna bilərmi?

Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov Crossmedia.az-a açıqlamasında Aprel ayında Bakıya dolunun yağmasının əslində adi bir hal olduğunu qeyd edib: "Hər il aprelin əvvəli, yaxud martın sonundan başlayaraq iyun ayının ortalarına kimi Azərbaycanda dolu mövsümü var. Dağlıq rayonlarda isə dolu hətta yay aylarında yağa bilər. Və bu hadisə hər zaman müşahidə olunub. Sadəcə olaraq, dolu çox ciddi ziyan vurur. Məsələn, bu il ərik, buğda kimi məhsullara zərər dəydi. Azərbaycanda vaxtilə doluya qarşı müdafiə dəstələri olmuşdur. Belə ki, o dəstələr xüsusi artilleriya qurğularına malik idilər. Onlar dolu yağması ehtimal olunam regionlarda buludlara atəş açaraq dağıdırdılar. Bir müddət sonra bu dəstələr dağıldı və hələ də bərpa olunmayıb".
R.Abbasov hesab edir ki, gələcəkdə doludağıtma dəstələri bərpa olunacaq və öz fəaliyyətlərinə başlayacaqlar: "Əvvəllər bu hidrologiya departamentinin nəzdində idi. Çünki, proqnozu onlar verir. Hazırda isə istənilən təşkilatda ola bilər".
Fatimə
18:38 17.04.2026
Oxunuş sayı: 91