Azərbaycanda uşaq hüquqları qanununda yenilənmə - əsas dəyişikliklər nələrdir?
Azərbaycan Respublikasında uşaqların hüquqlarının qorunması və təminatı istiqamətində mühüm hüquqi addım atılıb.
İlham Əliyev tərəfindən imzalanan yeni “Uşaq hüquqları haqqında” qanun bu sahədə müasir yanaşmanı və beynəlxalq standartlara uyğun mexanizmləri özündə ehtiva edir.
Sənədin 8 fəsil və 63 maddədən ibarət olması onun kompleks və sistemli hüquqi çərçivə yaratdığını göstərir.
Qanunda ilk dəfə olaraq uşaq hüquqları ilə bağlı anlayışlar sistemi formalaşdırılır və uşağın üstün mənafeləri prinsipi hüquqi müstəviyə daşınaraq konkret mexanizmlərlə təmin edilir.
Yeni qanun uşaqların təhlükəsizliyinin və rifahının qorunmasına yönəlmiş geniş spektrli tədbirləri əhatə edir. Xüsusilə zorakılığın müxtəlif formalarının dəqiq təsnif edilməsi, erkən evlilik anlayışının hüquqi çərçivəyə salınması və risk qrupuna daxil olan uşaqlarla bağlı operativ müdaxilə mexanizmlərinin müəyyənləşdirilməsi sənədin əsas yeniliklərindəndir.
Bununla yanaşı, uşaqların fikir və söz azadlığı, məlumat əldə etmək hüququ, eləcə də inzibati və məhkəmə proseslərində birbaşa iştirak imkanları qanunvericilik səviyyəsində təsbit olunaraq onların hüquqi subyekt kimi tanınmasını daha da gücləndirir.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rafiq Alışov Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Azərbaycanda 3 mart 2026-cı il tarixində Milli Məclis tərəfindən “Uşaq hüquqları haqqında” qanuna edilən yeni dəyişikliklər və əlavələr uşaqların hüquqlarının qorunması istiqamətində mühüm və müsbət addım kimi qiymətləndirirəm.
Bu qanunun ən vacib məqamlarından biri ondan ibarətdir ki, burada uşağın ümdə maraqlarının təmin edilməsi prinsipi əsas götürülür və qəbul edilən mexanizmlər məhz uşaqların təhlükəsizliyinə, rifahına və inkişafına xidmət edir.
Qanunda xüsusilə, çətin həyat şəraitində yaşayan və həssas qruplara aid olan uşaqların sosial müdafiəsi, onların hüquqlarının bərpası və müdafiəsi ilə bağlı yeni müddəalar nəzərdə tutulub.
Bu yanaşma belə uşaqların vaxtında müəyyən olunması, preventiv tədbirlərin görülməsi, erkən müdaxilə və onlara daha effektiv sosial və psixoloji dəstəyin göstərilməsi üçün əlavə imkanlar yaradır.
Digər mühüm məqam isə ondan ibarətdir ki, uşaqlarla bağlı ağır və ya riskli halların aşkar edilməsi zamanı cəmiyyətin hər bir üzvünün məsuliyyəti və iştirakçılığı vurğulanır.
Belə hallarda müvafiq qurumlara, o cümlədən Uşaq Qaynar Xətt xidmətinə məlumat verilməsi mexanizmlərinin gücləndirilməsi uşaqların hüquqlarının qorunmasında multidisiplinar və kompleks yanaşmanın tətbiqinə imkan yaradacaq.
Qanunda həmçinin zorakılığa məruz qalmış uşaqların hüquq-mühafizə orqanlarında dindirilməsi ilə bağlı mühüm yanaşmalar nəzərdə tutulur. Bu proseslər zamanı uşaqların ümdə maraqlarının qorunması, onların hüquqlarının təmin olunması, psixoloqun iştirakı və uşağa həssas yanaşmanın tətbiqi kimi məsələlər xüsusi diqqətdə saxlanılır. Bu isə uşaqların ikinci dəfə travma almamasına və onların hüquqlarının daha effektiv müdafiəsinə xidmət edir.
Həmçinin, qanun layihəsində inklüzivlik prinsipi xüsusi vurğulanır. Sənəddə əlilliyi olan uşaqların digər uşaqlarla bərabər əsaslarla təhsil almaq, cəmiyyətə inteqrasiya olunmaq və sosial mühitdə fəal iştirak etmək hüquqları dövlət tərəfindən təmin edilir. Bu yanaşma inklüziv təhsil modelinin genişləndirilməsi və fiziki, əqli, psixoloji çətinlikləri olan uşaqlar üçün maneəsiz mühitin yaradılmasını nəzərdə tutur.
Ümumilikdə, qəbul olunan bu dəyişikliklər uşaqların hüquqlarının müdafiəsi sisteminin daha da gücləndirilməsinə, dövlət qurumları, sosial xidmətlər və vətəndaş cəmiyyəti arasında institusional əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcəkdir".
Elmir Heydərli
10:00 17.04.2026
Oxunuş sayı: 22