Azərbaycan Almaniyanın Essen şəhərində keçirilən “Türk Gecəsi – 2026” (Turkic Night 2026) tədbirində iştirak edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Almaniya Türk Universitetlilər Dərnəyinin təşkil etdiyi tədbirdə Azərbaycanla yanaşı, Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın, Tatarıstanın, Türkmənistanın və uyğur icmasının milli-mənəvi dəyərləri, zəngin musiqi ənənələri və mətbəx örnəkləri nümayiş olunub.
Tədbirdə ölkəmizi Düsseldorfda fəaliyyət göstərən "Muğam" Alman-Azərbaycan Musiqi Cəmiyyətinin rəhbəri, pianoçu Səbinə Məmmədova təmsil edib. O, Azərbaycan stendinə yaxınlaşan qonaqlara milli təamlarımızla yanaşı, zəngin mədəni irsimiz, muğamımız və ənənələrimiz barədə geniş məlumat verib.
Gecənin bədii hissəsi xüsusi maraq doğurub. Səbinə Məmmədova və balaban ifaçısı Mehman Nuriyev görkəmli bəstəkarlar - Tofiq Quliyevin “Qızlar”, Ələkbər Tağıyevin “Külək” mahnılarını, eləcə də xalq musiqimizin inciləri olan “Laçın” və “Sarı gəlin”i ifa ediblər. Soydaşlarımızın çıxışı sürəkli alqışlarla müşayiət olunub.
Tədbirdə, həmçinin qırğız sənətçi Sabat N. Meerim və Kazan tatarı Adelya iştirakçılara zəngin və rəngarəng musiqi proqramı bəxş ediblər.
“Türk Gecəsi – 2026” ortaq köklərə əsaslanan icmalar arasında həmrəylik və dostluq mühitinin möhkəmlənməsinə gözəl töhfə verib.