Azərbaycanın ixrac etdiyi neft məhsullarının ümumi dəyəri 2 dəfədən çox artıb
Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 187 min 341,29 ton həcmində neft məhsulları ixrac edib.
Crossmedia.az-ın Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 130 milyon 938,65 min ABŞ dolları təşkil edib.
İxrac edilən neft məhsullarının həcmi ötən ilin yanvar-mart ayları ilə müqayisədə 1,5 dəfə, dəyəri isə 2,3 dəfə çoxdur.
Ötən üç ayda neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,42 % olub.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 21,9 % azdır.
Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Son nəticədə xarici ticarətdə 1 milyard 398 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 93,4 % çoxdur.
13:13 16.04.2026
Oxunuş sayı: 54